Yolların ayrılması üçün o, daha nə etməlidir?

31 Avqust 22:55 Kəpəz 298
Yolların ayrılması üçün o, daha nə etməlidir?

Adil Şükürovun qayıdışı ilə «Kəpəz» yeni, ən başıbəlalı və uğursuz dönəminə qədəm qoyub.

Üç aydır təkrar bura dönən baş məşqçi qələbənin dadını, duzunu unudub.

Və «Kəpəz»ə də həmin tamı unutdurub.

Böyük dərddir.

Yayda keçirdiyi yoxlama görüşlərinin heç birində qalibiyyətlə tanış ola bilməyən «Kəpəz» Premyer Liqanın ilk üç həftəsində də məğlubiyyətlə üzləşib.

Bunun axırı olmayacaq? Olacaq, əlbəttə ki!

Adil Şükürovu «Kəpəz»ə qaytaranlar nə boyda səhvə yol verdikərinin fərqinə varmalıdır artıq.

Yolların ayrılması ən düzgün qərar olardı. Elə bu gün.

Məğlubiyyətlərdən güc alan ikinci baş məşqçi görmədim və tanımadım. Adil Şükürov isə həmin məşqçinin özü olduğunu deyir və iddia edir.

Bu, özünü aldatmaqdır. Bu, «Kəpəz»i, onunla nəfəs alan camiəni dolamaqdır.

«Kəpəz» oynayıb uduzsa, baş məşqçiyə şans verməyə dəyər. Komanda oynamır yox ha, oynaya bilmir.

Adil Şükürovun yayda apardığı seleksiya işinə bir «quş»! Yeni gətirdiyi və geri qaytardığı futbolçular elə onun özünə oxşayır.

Yarımcan və çarəsiz.

«Kəpəz» mövsümə ən pis hazırlaşmış və ən bərbad transfer siyasəti yürütmüş komandadır. Çempionatın ən zəifidir.

Bu heyəti yığan(lar) «Kəpəz»in orta sıralardan birini tutmasını qarşısına məqsəd qoymayıb.

Əsl fikir başqadır və bu, artıq indidən bəllidir - Premyer Liqanı tərk etmək və I Liqanın qapısından içəri keçmək.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 20:00 Çək və bizə göndər!
31 Avqust 09:00 Bu rayonda futbol olacaq?