
Vay, vay, vay!!!
«Kəpəz»i himayəsinə götürmüş şəxslər nə fikirləşmişdi, nə oldu?!
Yeni sezon çox pis başladı «Kəpəz» üçün. «Sumqayıt»a uduzmaq azmış kimi, «Karvan»a da 3 xal verdilər.
Heyif o çəkilən zəhmətə, transferlərə ayrılan pula!
Adil Şükürov çağdaş futbolumuzun «Pirim»idir. Bəhanə üçün cibə girmir. Elə bil, əvvəldən hazırlayıb qoyub, hər dəfə birindən istifadə edir.
İndi də deyir, qoy, 2-3 yeni legioner gəlsin, görün, rəqiblərin başına nə oyun açacam, yeri və göyü titrədəcəm, tufan qoparacam, şimşəktək çaxacam, vulkantək püskürəcəm, odtək yandırıb yaxacam, ildırımtək guruldayacam, leysantək yağacam, oun edəcəm, bunu da edəcəm.
Heç inanmağım gəlmir.
İki aydan çoxdur «Kəpəz»in başındadır, bir vaqon futbolçu gəlib-keçib əlinin altından, yığdığı komandanın nə fizikası fizikadır, nə taktiki hazırlığı o səviyyədədir. Əşşi, nə var ki, nə də olsun?!
«Kəpəz» hazırkı gün üçün çempionatın ən zəif iştirakçısıdır. Adil Şükürov isə məqsədlərinin liqada qalmaqla məhdudlaşmadığını deyib. Yəni ki, turnir cədvəlində orta sıralardan birinə dırmanmalıdırlar.
Ora dırmanmaq üçün 1 nəfər buranı tərk etməlidir. O da ki, Şükürovun özüdür. Getsin, nağıllarını başqa yerdə danışsın, «Kəpəz» onun yeri deyil.
KAMİL