«Kəpəz» Premyer Liqada çıxdığı 11-ci matçda sayca 10-cu məğlubiyyətini aldı.
Turnir cədvəlinin son pilləsi onların «boyuna biçilib».
Kim tərəfindən? Əlbəttə ki, hakimlər. Onlardan başqa kim olasıdır ki?
Azər Bağırov 1 ildən çoxdur «ədalət təmsilçiləri»nin ədalətdən uzaq qərarlarının əziyyətini çəkir. Necə boğaza yığılıbsa, artıq dilə gəlir, «mən hakimlərin
ədalətinə inanmıram» söyləyir.
Nətəhər inansın, ay qardaşım, «Araz-Naxçıvan»da çalışanda yediyi çörəyi burnundan gətirdilər. Komandasını «döyə-döyə» yuxarı yerlərdən saldılar «zirzəmi»yə.
Gəlib «Kəpəz»ə, burada axırıncı yerdə gedirlər, yenə qoymurlar başını yuxarı qaldırsın. Bir balaca qımıldanan kimi Rauf Allahverdiyev ad-soyadlı yaramaz «hakim»in vasitəsilə basıb gözünü çıxarırlar.
Qərb derbisində hakim ədalətindən başqa şey oldu - qərəz, tərəfkeşlik və daha nələr. Hansını deyəsən. Birdir, bəyəm? İkidir, bəyəm?
Allahverdiyev «Turan Tovuz»un qələbəsi üçün bu komandanın futbolçularından daha artıq «vuruşdu», sonda da istəyinə çatdı.
Bu oyuna görə alacağı qonorarı bilmirəm hara xərcləyəcək, amma ona tövsiyə edirəm ki, pulun bir hissəsini arxaya atsın. Birdən sabah dərman almağa əlində heç nə qalmaz.
Əliyar Ağayev bugünlərdə bir müsahibə verib. Oxudum, iddia edib ki, hakimliyin səviyyəsi ümumi futbolumuzun üstündədir.
Əliyarın yalan danışdığını Rauf qərarlarıyla isbatladı. Yəqin ki, Ağayev bir də qələt eləyib belə hap-gop açıqlamalar verməz.
Allahverdiyev Tovuzda hakimlik etmədi, 90 dəqiqəlik «şou» açdı. Eynən özündən əvvəlkilər kimi. «Kəpəz»in əleyhinə verdiyi haqsız qərarlar bircə-bircə incələnsə, o, gərək 5-6 ay fit üzünə həsrət qalsın.
AFFA-nın aidiyyatlı şəxslərində bunu edəcək şəst, düzgünlük görmürəm. Olsaydı, elə bunadək «Kəpəz»in qəsdinə duran digər hakimlərin «qələmini qırardılar».
Bu məxluqların birinə də «gözün üstə qaşın var» deyilməyib. «Kəpəz» Premyer Liqadan aşağı salınmayana qədər də deyilməyəcək.
Sifarişçi özləridir axı. Hansı axmaq öz ayranına «turş» deyər?
ELNUR

