Qurban Qurbanovdan öyrənib, indi onun “əl işi”nə ağız büzən “Nostradamus”

30 Mart 17:40 Kəpəz 1 110
Qurban Qurbanovdan öyrənib, indi onun “əl işi”nə ağız büzən “Nostradamus”

Çempionluq mübarizəsi Premyer Liqanın 28-ci turunda başa çatdı.

«Qarabağ» sona xeyli qalmış qızıl medalları boynundan asdı.

"Kəpəz" üzərində 6:1 hesablı qələbə ilə vaxtından xeyli əvvəl bu sevinci yaşadılar.

Gəncəlilərin baş məşqçisi Adil Şükürov matçdan sonra mətbuat konfransında iştirak etdi. O, komandasının 1:6 hesablı məğlubiyyətini şərh eləmədi, əvəzində «iynəli açıqlamalar» verdi.

Sitat budur:

"Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Amma bu, bu gün üçündür. Səhvlərdən nəticə çıxarıb, irəli baxmalıyıq. Gələcək turlarda daha aqressiv, daha istəkli olmalı, rəqibi qorumadan oynayan komanda kimi görünməliyik. Azərbaycan klubarı "Qarabağ"la qarşılaşanda sanki onları qoruyaraq oynayır. Amma Azərbaycan çempionatında belə bir şey olmamalıdır. Hər kəs öz komandasının oyununu oynamalı, aqressivliyini, istəyini digər komandalara qarşı necə göstərirlərsə, "Qarabağ"a qarşı da elə göstərməlidirlər. Bu gün "Qarabağ" çempion oldu. Amma bu gün oldu. Gələcək çempionatlarda daha güclü, daha istəkli komandalar oynamalıdır və sona 8 tur qalmış hansısa komanda çempion olmamalıdır. Məncə, bu, artıq sondur".

Şükürovun söylədiklərini necə başa düşək? Güman ki, ağır məğlubiyyətin əzici təsiri altında sıxılıb qalaraq, «Qarabağ»ın bostanına daş atıb.

"Azərbaycan klubarı "Qarabağ"la qarşılaşanda sanki onları qoruyaraq oynayır" ifadəsi nə deməkdir? Mən hələ digər atmacaları qoyuram bir kənara, Şükürov digər həmkarlarını da "qaralayır" artıq.

Adama deyərlər, sən öz yerinə danış, başqaları ilə nə işin var? Heç bir məşqçi istəməz ki, komandası meydandan yenik ayrılsın, rəqibi qorumaq niyə?

Hazırda Avropanın ən güclüsü sayılan "Bayer" belə, "Qarabağ"ı udmaq üçün o biri dünyanı görüb gəlir, Premyer Liqadakı zavallılar necə etsin bəs?

Adil Şükürov elə danışır, sanki başqa planetdən gəlib, yaxud bilməyənlər, tarixdən bixəbərlər deyə bilər ki, onun çalışdığı komandalar həmişə "Qarabağ"a "qan uddurub", bu 6:1 təsadüfidir.

Görünür, o, Rəşad Sadıqovun sayəsində "Zirə"də işlədiyi vaxtlar yadından tez çıxıb. "Qarabağ" həmin vaxt da onun komandasına böyük hesabla qalib gəlib.

Adil Şükürovun məşqçi işləməsində, bu sahənin incəliklərindən az-çox xəbərdar olmasında əziyyəti keçənlərin başında Qurban Qurbanov gəlir.

Bəlkə hər həftə Suraxanıya yollanıb, Qurbanovun qapısının ağzında gözlədiyi günləri unudub?

Olmaya, Qurbanovun qarşısında əyləşib, onun ağzından çıxan sözləri tez-tələsik dəftərçəsinə yazması hafizəsindən silinib?

Yaddaşı korşanıbsa, biz digər faktları da onun qulağına pıçıldaya bilərik. Ayıbdır, ay kişi, heç olmasa, sən danışma!

Şükürov iddia edir ki, digər komandalar "Qarabağ"a qarşı var gücüylə mübarizə aparmır. Ümumi danışmasın, konkret ad çəksin.

Mən ondan bunu istəyir və tələb edirəm - ad çək! De ki, filan-filan komandalar "Qarabağ"ın önündə öz oyununu oynamır, aqressivliyini, istəyini göstərmir.

Sən göstərdin də, eləmi? "Qarabağ"la açıq oyun oynayan məşqçi, məncə, kəndiri öz əliylə boğazına keçirən intiharçıdır. Adil Şükürov kamikadzelik elədi, "Qarabağ" onlara 6 qol vurdu.

Gələn mövsüm nə olar, nə olmaz, bunu zaman göstərəcək. Hamımız istərdik ki, Premyer Liqa indikindən daha gərgin və maraqlı keçsin, qızıl yarışı son turadək davam eləsin.

Şükürovu bundan belə "II Nostradamus" adlandıracam. Mənim üçün o, artıq odur.

"Qarabağ"ın asan çempionluğundan söz açıb, "bu, artıq sondur" proqnozu verən Şükürovun ekstrasenlik bacarağına mən daha nə deyim?!

Təki onun dediyi kimi olsun.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU