Azərbaycana gəldi, özünü tərifləməyə başladı: “Transferim komandaya çox şey qatacaq”

24 Yanvar 2023 01:10 Kəpəz 1 008
Azərbaycana gəldi, özünü tərifləməyə başladı: “Transferim komandaya çox şey qatacaq”

“İnanıram ki, transferim “Kəpəz”ə əlavə güc qatacaq.

Komandaya qələbələr qazandırmaq üçün gəlmişəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Kəpəz”in yeni legioneri Salif Sisse klubun yutub kanalına açıqlamasında transferini dəyərləndirərkən deyib.

Gəncə təmsilçisinə“Litvanın “Heqelmann” klubundan keçən fransalı hücumçu iddialı fikirlər səsləndirib. 31 yaşlı forvard komandaya əlindən gəldiyi qədər kömək etməyə çalışacağını söyləyib:

“Düşünürəm ki, burada olmağım “Kəpəz”ə çox şey qatacaq. Abdullahi Şuaybu və digər yoldaşlarla birlikdə yaxşı oyun sərgiləyib, yüksək mövqelərdə yer almaq istəyirik.

Burada “Kəpəz”ə azarkeşlik edən xeyli futbolsevər var. Transfer olunmamışdan əvvəl çox sayda fanat mənə sosial şəbəkə vasitəsilə yazır, şəhər, klub və azarkeşlər haqda məlumat verirdi. Gəncə futbol diyarıdır, bu da mənə pozitiv enerji verir”.

Salif Sisse Türkiyədə baş tutan qış təlim-məşq toplanışına da münasibət bildirib. O, əla hazırlıq keçdiklərini vurğulayıb:

“Kollektivə bir az gec qoşuldum. Burada mənə qarşı hamının münasibəti çox yaxşıdır.

Gəldiyim gündən etibarən baş məşqçi və komanda yoldaşlarım daha tez uyğunlaşmağım üçün mənə çox kömək etdilər.

Düşünürəm ki, “Kəpəz” əvvəlkindən daha yaxşıdır. Təlim-məşq toplanışındakı qarşılaşmalar da uğurlu alındı.

Yaxşı oyunlar göstərdik və qol buraxmadıq. Bu, komanda üçün çox vacib amildir. Məncə, mövsümün ikinci yarısında yaxşı işlər görüb, nəyisə dəyişməyə nail olacağıq”.

“Kəpəz” hazırda 12 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır. Mali əsilli futbolçu Premyer Liqanın XIX turunda “Qəbələ” ilə yanvarın 24-də keçiriləcək matçda qələbə qazanmağı hədəflədiklərini bildirib:

“Qəbələ” ilə oyunda uğurlu nəticə əldə etmək istəyirik. “Kəpəz”in heyətində keçirəcəyim ilk rəsmi matçda 3 xal qazanmaq niyyətindəyəm. Debütümün uğurlu alınmasına çalışacağam”.

Digər Xəbərlər
Xəbər Lenti