
“İnter”in baş məşqçisi Kristian Kivu komandasının oyunu barədə fikirlərini bölüşüb.
Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis milanlıların əvvəlki çalışdırıcısı Simone İnzaqinin tətbiq etdiyi 3-5-2 taktiki sxeminə sadiq qaldıqlarını bildirib:
“Bu sistemi saxlamağı qərara aldım, çünki komandaya çox yaxşı uyğun gəlir. Biz sadəcə kiçik dəyişikliklər etmək istədik, amma əsas hədəfimiz yenidən özünəinam qazanmaq və ruhən güclü olmaqdır.
Son vaxtlar komandada bunun çatışmazlığını hiss edirdik. Mən öz yolumla gedirəm, amma eyni zamanda, hazırda kifayət qədər güclü olan komandaya zərər verməməyə çalışıram”.
Kivu bu ilin iyununda, Simone İnzaqinin “Əl-Hilal”a keçidindən sonra “İnter”in “sükanı arxasına” keçib.