Yığma komandada debüt hər bir futboluçunun yaddaşına həkk olunur.
Üstəlik, bu yığma İspaniyadırsa. Xose Molina – bu qapıçı 90-cı illərin ikinci yarısında “Atletiko”da, 2000-ci illərin əvvələrində isə “Deportivo”dakı oyunu ilə xatırlanır.
24 il əvvəl, 1996-cı ilin aprel ayının 24-də Norveç Osloda İspaniya yığmasını qəbul edirdi. Bu, Avro-1996-dan əvvəl keçirilən yoxlama görüşü idi. Amma yoxlama görüşü Molina üçün xüsusi oldu.
Qarşılaşmanın 75-ci dəqiqəsində müdafiəçi Xuan Lopes zədələnir. İspaniya yığmasında isə onu əvəzə edəcək heç bir sahə oyunçusu qalmamışdı (bəli, hərdən belə də olur). Buna görə də baş məşqçi Xaver Klemente indiyə qədər yığmada debüt etməyən qapıçı Molinanı meydana buraxmaq istəyir.
Klemente həmin məqamı belə xatırlayır: “Ondan soruşdum: “Oynamaq istəyirsən?” O, məmnuniyyətlə razılşadı”.
Fernando Yerro isə belə dedi: “Əgər qol vursan, səni meydandan əllərimiz üstündə çıxaracağıq”.
Qapıçı 25 dəqiqə ərzində sol vinger mövqeyində oynadı və pis təsir bağışlamadı. Topu bir dəfə də itirmədi, müdafiəyə kömək etdi, bir neçə dəfə hücuma qoşuldu.
Hətta oyunun başa çatmasına 7 dəqiqə qalmış qol da vura bilərdi, amma cərimə meydançası xəttinin yaxınlığından vurduğu zərbədə azca dəqiqlik çatmadı. Qarşılaşma 0:0 hesabı ilə yekunlaşdı. Səhəri gün isə Molinanın şəkilləri bütün qəzetlərin manşetini bəzədi.
Elə həmin ilə Molina “Albaseta”dan “Atletiko”ya keçdi. Dərhal da əsas qapıçı oldu. “Hindular”a çempionluğu və İspaniya kubokunu qazanmağa kömək etdi.
“Atletiko”da 5 il keçirdikdən sonra o vaxtkı çempion “Deportivo”ya transfer olundu. Bu komada ilə 2 dəfə Superkuboku, bir dəfə İspaniya kubokunu qazandı.
Yığmada isə karyera alınmadı. Avro-1996, Avro-2000 və DÇ-1998-də iştirak etsə də, İspaniya yığmasının heyətində cəmisi 9 oyuna çıxdı. Belçika və Hollandiyada keçirilən turnirdə ona şans verdilər.
Amma burda da Molinanın qarşısına Norveç yığması çıxdı. Norveç qrupda keçirilən ilk oyunda İspaniyaya qalib gəldi – 1:0. Yeganə qol isə qapıçının səhvindən vuruldu.
Buna baxmayaraq İspaniya yığması qrupdan çıxmağı bacardı. Ancaq Molina bir daha yığmanın heyətində meydana çıxmadı. Hətta sahə oyunçusu kimi də.
SPORTİNFO.AZ

