Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu Vinisius Juniorun transferi üçün “Real Madrid”lə danışıqlar aparır.
Sportinfo.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.
Bildirilib ki, Ərəbistan təmsilçisi 24 yaşlı forvarda görə “kral klubu”na 1 milyard avro ödəməyə hazırdır.
Keçid reallaşsa, braziliyalı tarixin ən çox maaş alan idmançısı olacaq. Müqavilənin qüvvədə olduğu 5 il ərzində Junior bir milyard avrodan çox qazanacaq.
Səudiyyə Ərəbistanında futbolçunu bu ölkədə 2034-cü ildə keçiriləcək dünya çempionatının siması etmək istəyirlər.
İspaniya təmsilçisi futbolçunu klubda saxlamaq istəsə də, Vinisusun müqaviləsində 1 milyard avro sərbəst qalma maddəsi var.
Vinisius Junior 2018-ci ildən Madrid təmsilçisinin formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 39 matçda 24 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.
“Transfermarkt”ın məlumatına görə, onun transfer dəyəri 180 milyon avrodur.
Futbol tarixinin ən bahalı transferi Neymarın 2017-ci ildə 222 milyon avroya “Barselona”dan PSJ-yə keçməsidir.