
“Qarabağ”da gözlənilən ayrılıq gerçəkləşdi.
Başa çatan mövsümdə “köhlən atlar”ın qapısını qoruyan Andrey Lunyovla başa çatan müqavilə yenilənmədi.
Bu da anlaşılandır. 32 yaşlı futbolçu “Qarabağ”dan yeni sözləşmə üçün əvvəlki qazancından 2-3 qat artığını tələb edir, səbəb kimi başqa klublardan sərfəli təkliflər aldığını göstərirdi.
Lunyov çox güman karyerasını vətəni Rusiyada davam etdirəcək. Onun Moskva “Dinamo”su ilə müqavilə bağlaması an məsələsidir.
Andreyin gedişi “Qarabağ” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb. Sosial şəbəkələrdə yazılan şərhlərdən rusiyalı kiperin özünü sevdirə bilmədiyi açıq-aşkar görünür.
“Şahruddin bundan yaxşı qapıçıdır”.
“Çox şükür, sən qapıçı deyilsən”.
“Tarixi oyunlarda əsas heyətdə yer aldığına görə xatırlanacaqsan. Amma böyük oyunların adamı deyilsən. Daha güclü qapıçıya ehtiyacımız var”.
“Xoş getdin. İnşallah, bundan da yaxşı qapıçı alınar”.
“Şahruddini Lunyovdan daha güclü sayıram. Amma nə edirsiniz edin, Şahruddini qaytarmayın”.
“Sıradan qapıçı idi. Xüsusi qurtarışları ilə sevdirə bilmədi özünü”.
“Əvvəl yaxşı başlamışdı, sonra eniş dalğası başladı. Sanki klubdan ayrılmaq istəyirdi, ya da məcbur oynayırdı”.
“Belə qapıçılar doludur hər yerdə. Ortabab, bəlkə də ortababdan da aşağı səviyyədə idi. “Qarabağ” xüsusi nəsə itirmədi”.
“Əlvida, Lunyov! Bir daha yollarımızın kəsişməməsi ümidi ilə”.
Andrey Lunyov ötən mövsüm “köhlən atlar”ın heyətində bütün yarışlarda meydana çıxdığı 34 oyunda qapısından 43 top buraxıb.
HƏBİB / SPORTİNFO.AZ