“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes yayda klubdan ayrılmağa çox yaxın olduğunu açıqlayıb.
2025-ci ilin yay transfer pəncərəsində portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı klublarından birinə keçə biləcəyi ilə bağlı söz-söhbətlər yayılsa da, o, sonda İngiltərədə qalıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Fernandes klub rəhbərliyinin onun mümkün gedişinə müsbət yanaşdığını bildirib:
“Klub yayda getməyimi istəyirdi və bu fikir beynimdə dərin iz buraxdı. Bu mövzunu direktorlarla müzakirə etdim, amma düşünürəm ki, onlar sadəcə belə bir qərarı verməyə cəsarət etmədilər.
Mən qalmağı seçdim – qismən ailə səbəblərinə görə, amma əsasən bu klubu səmimi şəkildə sevdiyim üçün.
Baş məşqçi ilə söhbətim də qərarıma təsir etdi. Bununla belə, rəhbərlikdə sanki belə bir hiss vardı: “Getsən, biz çox da məyus olmayacağıq”.
31 yaşlı yarımmüdafiəçi bu münasibətin onu sarsıtdığını gizlətməyib:
“Bu, mənə çox ağır təsir etdi. Hətta ağırdan da çox, kədərli idi.
Çünki məni qınamağa əsas yoxdur. Mən həmişə meydandayam, həmişə oynayıram və bütün gücümü ortaya qoyuram.
Sonra ətrafa baxırsan və klubu mənim qədər dəyərləndirməyən, onun üçün mübarizə aparmayan futbolçular görürsən. Əsl məyusluq da məhz bundan yaranır”.

