
“Çelsi”nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində “Nottingem Forest”lə keçiriləcək son oyundan və Konfrans Liqasının finalına hazırlıqdan danışıb.
Qarşılaşma mayın 25-də keçiriləcək. Londonlular ardınca 28 mayda Konfrans Liqasının finalında “Betis”lə üz-üzə gələcək.
Sportinfo.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bütün diqqətlərinin bazar günü keçiriləcək “Nottingem Forest”lə oyunda olduğunu bildirib:
“Premyer Liqanın nə qədər çətin olduğunu bu mübarizə göstərir. Bu qədər komandanın avrokuboklara vəsiqə uğrunda yarışa qoşulması təsadüfi deyil.
Biz bu yarışda olduğumuza görə xoşbəxtik və əlbəttə, mövsümü ən yaxşı şəkildə başa vurmaq istəyirik. Ən böyük üstünlüyümüz odur ki, hər şey bizim öz əlimizdədir.
Qələbə qazansaq, başqa komandaların nəticələrinə baxmağa ehtiyac qalmayacaq. Uduzsaq və ya xal itirsək, artıq digərlərinin oyunlarına baxmalı olacağıq. Bu isə bizim üçün imtiyazdır.
Hazırda bütün diqqətimiz bazar günü keçiriləcək “Nottingem Forest”lə oyundadır. Bu, bizim üçün ən vacib qarşılaşmadır.
Həmişə deyirəm ki, növbəti oyun ən vacibidir. Ondan sonra isə bütün gücümüzü mayın 28-də keçirəcəyimiz final oyununa yönəldəcəyik”.
“Çelsi” hazırda 66 xalla Premyer Liqada turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda “Nottingem Forest” üzərində qələbə qazansa, növbəti mövsümdə Çempionlar Liqasında iştirak hüququ əldə edəcək.
Heç-heçə, ya da məğlubiyyət olarsa, “Aston Villa” və “Nyukasl”ın nəticələri həlledici rol oynayacaq.