"İmişli"nin baş məşqçisi Jorj Kaşkilya "report"a müsahibə verib.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Azərbaycana gəlişindən, komandadakı fəaliyyətindən və hədəflərindən danışıb.
O, Azərbaycanın qonaqpərvər ölkə olduğunu bildirməklə yanaşı, sevdiyi yeməklərdən də bəhs edib.
56 yaşlı çalışdırıcı Azərbaycan millisinin sabiq baş məşqşçisi Fernandu Santuşun yığmadakı işindən və "Qarabağ"ın Çempionlar Liqasında "Benfika" üzərində qazandığı qələbədən də söz açıb.
- Azərbaycana gəlişiniz necə baş tutdu?
- Azərbaycana gəlişim həm şəxsi istəyimin, həm də yaranmış əlverişli fürsətin nəticəsi idi. Portuqaliyadan kənarda məşqçilik karyeramı inkişaf etdirmək arzusunda idim və Azərbaycanda işləmək variantı mənə uzun illərdir tanıdığım agent dostum vasitəsilə təklif olundu.
- Dəvət kim tərəfindən oldu?
- Təklif mənə birbaşa klubun prezidentindən gəldi. O, məni "İmişli"nin inkişaf strategiyası ilə tanış etdi. Prezidentin məniə göstərdiyi yüksək etimad və inam burada çalışmaqla bağlı qərar verməyimdə həlledici faktor oldu.
- "İmişli" bu mövsüm Misli Premyer Liqasında debütant olsa da, orta sıralarda qərarlaşıb. Komandanın çıxışını necə dəyərləndirərdiniz?
- Premyer Liqada debüt edən bir klub üçün yaxşı mövsüm keçirdiyimizi düşünürəm. Keyfiyyətli oyun nümayiş etdiririk və köklü klublarla matçlarda vacib qələbələr qazanırıq.
- "İmişli" klubuna gəlməyinizdə Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuşun vasitəçilik etdiyi doğrudur?
- Fernandu Santuşu tanıyıram, amma bu məsələdə onun heç bir rolu olmayıb.
- Sizcə, Fernandu Santuşun Azərbaycan millisindəki fəaliyyəti niyə uğurlu alılnmadı?
- Fernandu Santuş böyük nüfuza malik mütəxəssisdir. Portuqaliya yığmasını Avropa çempionluğuna daşımaq kimi çox önəmli bir nailiyyəti var. Lakin futbolda hər zaman proseslər gözlənildiyi kimi getmir. Təəssüf ki, burada arzu olunan uğuru əldə edə bilmədi.
- Sizin Azərbaycan klubuna baş məşqçi təyin olunmağınız yerli mətbuatda birmənalı qarşılanmırdı. Ölkənizdə aşağı dəstə klublarını çalışdırdığınız üçün yüksək nəticələr əldə edəcəyinizlə bağlı narahatlıqlar var idi. Bu fikirlərlə tanış idiz?
- Bəli. Futbolda belə hallar tamamilə normaldır. Futbol fikir oyunudur və demək olar ki, hər kəs özünü bu sahədə yetkin hesab edir. Mən bütün fikirlərə hörmətlə yanaşıram, hətta onlarla razılaşmadığım halda belə. Şübhə edənlər üçün isə ən yaxşı cavab "İmişli"də ortaya qoyduğumuz iş və əldə etdiyimiz nəticələrdir.
- Komandaya dəvət olunarkən rəhbərlik qarşınıza hansı hədəfləri qoymuşdu?
- Hədəflərimiz aydın idi: klubu Premyer Liqada sabit şəkildə möhkəmləndirmək, cəsarətli və rəqabətədavamlı bir komanda formalaşdırmaq, həmçinin mümkün olduğu halda klubun aktivlərini inkişaf etdirərək gələcək üçün daha hazırlıqlı vəziyyətə gətirmək.
- Hazırda "İmişli" ölkə çempionatında heç də pis nəticələr əldə etmir. Qazandığınız xallarla özünüzü bu fikirdə olan insanlara cavab vermiş sayırsınız?
- Biz tənqidlərə cavab vermək üçün yox, hədəflərimizə çatmaq və komandanı inkişaf etdirmək üçün çalışırıq. Və bunu bacarırıq da. Bu gün "İmişli" hörmət edilən, pozitiv və rəqabətli futbol oynayan bir komandadır.
- Qazandığınız nəticələrlə rəhbərliyin hədəflərindən artığını bacardığınızı düşünürsünüz?
- Düşünürəm ki, doğru yoldayıq və bu, mənim üçün ən önəmli məqamdır. Meydandakı kimliyimizi qoruyaraq ambisiyalı və dayanıqlı komanda xarakterimizi nümayiş etdirmək vacibdir. Xüsusilə də böyük xarakterə və yüksək peşəkarlığa malik futbolçularla bunu etmək daha əhəmiyyətlidir.
- Karyeranız boyunca hər zaman aşağı dəstə klublarını çalışdırmısınız. 2010-cu ildə ölkənizin "Moreyrense" komandasını II Liqadan elitaya qaldırmağı bacarmısınız. "İmişli" isə siz gələndə I Liqadan yüksək dəstəyə yeni yüksəlmişdi. Maraqlıdır, aşağı divizion komandalarında çalışmağa özünüz meyillisiniz?
- Mənim üçün ən önəmli amil görülən işin ambisiyalı olması və inkişaf üçün zəruri resursların təmin edilməsidir. Burada öz izimi ortaya qoymaq imkanı həm cəlbedici, həm də peşəkarlıq baxımından böyük bir çağırışdır.
- Azərbaycan Premyer Liqası ilə Portuqaliyanın aşağı dəstələrini necə müqayisə edərdiniz?
- Premyer Liqada rəqabət məni yaxşı mənada təəccübləndirdi. Çempionat texniki cəhətdən keyfiyyətli, fiziki baxımdan güclüdür, taktiki olaraq da inkişaf edir. Portuqaliyanın 2-ci liqası isə yüksək intensivliyi və əla texniki səviyyəsi ilə seçilir. Hər iki liqada yaxşı komandalar və istedadlı futbolçular var.
- "İmişli" ilə hansı nailiyyətləri qazanmaq olar?
- Bu il klubun Premyer Liqada möhkəmlənmək ilidir. Bundan sonra yaxın gələcəkdə məsuliyyət və davamlılıqla ilk "altılıq" uğrunda mübarizə aparmağın mümkün olduğuna inanıram.
- Azərbaycanın hazırda ən güclü komandası "Qarabağ"dır. Çempionlar Liqasında "Benfika" üzərində qazanılan qələbə Portuqaliyada necə qarşılandı?
- "Benfika" üzərindəki qələbə, əlbəttə ki, böyük sürpriz oldu. "Benfika" tarixi və yarışdığı bütün turnirlərdə böyük iddiaları olan bir klubdur. Bu komandaya qalib gəlmək, ümumiyyətlə, "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışı ona beynəlxalq səviyyədə böyük hörmət və tanınma qazandırdı. Bu, eyni zamanda Azərbaycan çempionatının da dəyərini artırır.
- Çalışdığınız komandanın İmişlidə stadionu var. Lakin standartlara cavab vermədiyi üçün kollektiv ev oyunlarını başqa şəhərdə keçirir. Stadionun standartlara uyğun vəziyyətə gətirilməsi üçün rəhbərliyə təklifləriniz olub?
- Bu, mənim məsuliyyətimdə olan məsələ deyil.. Amma bilirəm ki, klub rəhbərliyi problemin üzərində ciddi çalışır.
- Ümumiyyətlə, İmişli stadionu ilə yaxından tanış olmusunuz?
- Bəli, stadionu artıq tanıyıram. Azarkeşlərimizlə görüşmək üçün stadionu ziyarət etdik və çox isti, səmimi qarşılandıq. Xüsusilə də bu qədər çox gənc azarkeşimizin olması bizi sevindirdi və təsirləndirdi.
- Azərbaycanda yaşamaq sizin üçün rahatdır?
- Bəli, şübhəsiz. Buradakı insanlar çox qonaqpərvər və yardımsevərdir. Şəhər həm gözəl, həm də təhlükəsizdir. Bu da mənə işimi rahat icra etməyə imkan verir.
- Azərbaycanın bir neçə şəhərində olmusunuz. Ən çox xoşunuza gələn hansıdır?
- Hər şəhərin öz gözəlliyi və cazibəsi var.
- Buranın mətbəxində diqqətinizi çəkən yemək var?
- Azərbaycan mətbəxi zəngin və dadlı yeməkləri ilə tanınır. Xüsusilə qoyun ətindən hazırlanan kotletləri və kababı çox bəyənirəm.
- Necə düşünürsünüz, uzun illər burada yaşamağa dəyər?
- Bəli, Azərbaycanda gördüyüm işi davam etdirmək və onu daha da möhkəmləndirmək istəyirəm. Çempionat xoşuma gəlir, uyğunlaşma asan oldu və nəticələr də müsbət istiqamətdədir. Buna görə də burada qalmaq istəyərdim. Lakin futbolda hər şey sürətlə dəyişir və biz məşqçilər buna həmişə hazır olmalıyıq. Yenə də məqsədim işimi davam etdirməkdir.

