Premyer Liqanın 14-cü turunun “Araz-Naxçıvan” – “Kəpəz” qarşılaşmasından sonra stadiona sürpriz qonaqlar təşrif buyurub.
Beynəlxalq Antidopinq Agentliyinin göstərişi əsasında ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Milli AntiDopinq Agentliyinin (AMADA) rəsmiləri “Liv Bona Dea Arena”ya üz tutub.
Qarşılaşma başa çatandan sonra komandaların hərəsindən dörd futbolçu olmaqla ümumilikdə səkkiz nəfərdən dopinq testi götürülüb.
“Araz-Naxçıvan”dan Ürfan Abbasov, Coşqun Diniyev, Bar Kohen və Bruno Franko, “Kəpəz”dən Ehtiram Şahverdiyev, Məmməd Hüseynov, Elgün Bayramov və Cefferson Bentu bağlı qapılar arxasına dəvət olunub.
AMADA rəsmilərinin istəyi ilə yoxlanışa cəlb olunan oyunçulardan analizlər götürülüb. Testlərin cavabı barədə hələ ki, məlumat yoxdur.
Maraq üçün bildirək ki, dopinq yoxlamalarına Premyer Liqada nadir hallarda rast gəlinir.
Dekabrın 9-da “Liv Bona Dea Arena”da baş tutan görüşdə “Araz-Naxçıvan” “Kəpəz” üzərində 2:0 hesablı qələbəyə sevinib.
HƏBİB / SPORTİNFO.AZ

