“Hər oyuna qələbə istəyi ilə çıxırıq, məqsədimiz bu dəfə də eyni olacaq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “İmişli”nin futbolçusu Ezekiel Morqan deyib.
Turun maraqlı qarşılaşmalarından biri dekabrın 9-da Sumqayıtda baş tutacaq.
Cari mövsümün iki sürpriz komandası – “Sumqayıt”la “İmişli” münasibətlərinə aydınlıq gətirəcək.
Xatırlayırsızsa, ilk dövrədə kollektivlər arasında Qubada baş tutan oyunda aran təmsilçisi 1:0 hesabı ilə qələbə qazansa da, İntizam Komitəsi adı iştirak ərizəsində olmayan İbrahim Əliyevin meydana çıxmasına görə “İmişli”yə texniki məğlubiyyət vermişdi.
23 yaşlı qanalı yarımmüdafiəçi Sumqayıta qələbə dalınca gedəcəklərini açıq şəkildə bəyan edib:
“Qələbə qazanmaq arzu deyil, məqsəddir. Sumqayıta 3 xal dalınca gedəcəyik. “Sabah”a son iki matçdakı yenilgilərdən sonra qalibiyyətə ehtiyacımız var.
Turnir cədvəlindəki vəziyyət də bizi buna məcbur edir. Bizdən aşağıda yer alan komandalar xallar qazanır. Ona görə də diqqətli və məsuliyyətli olmalıyıq ki, hədəfimizə çataq.
O ki qaldı texniki məğlubiyyətə, hər bir komandanın başına gələcək işdir. Həmin hadisə unudulub. Hansısa prinsipiallığın olduğunu deməzdim. Çünki səhvə özümüz yol vermişdik. “Sumqayıt”lıq bir şey yox idi”.
Dekabrın 9-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşəcək duel saat 19:30-da start götürəcək.
HƏBİB

