Araik Əsgəranda 3.5 milyon dollara çaxır zavodu tikdirir

5 Fevral 2023 03:20 Hadisə 747
Araik Əsgəranda 3.5 milyon dollara çaxır zavodu tikdirir

44 günlük müharibədə ən çox maddi “zərərçəkənlərdən” biri də şübhəsiz ki, separatçı rejimin başçısı Araik Arutyunyandır.

1973-cü ildə Xankəndində anadan olan Arutyunyan işğal illərində özünə biznes qurub.

1995-1997-ci illərdə separatçı rejimin “iqtisadiyyat və maliyyə nazirinin” köməkçisi olan Arutyunyan 1999-2004-cü illərdə “Armaqrobankın” Xankəndi filialının rəhbəri, 2007-ci ildən 2017-ci ilə kimi separatçı rejimin “baş naziri” olub. Bu illərdə isə o, Qarabağda ən varlı biznesmenə çevrilib.

Vaxtilə çox kasıb ailədə böyüyən Arutyunyanın Qarabağda böyük sərvət sahibi olması ilə bağlı erməni mediasının tənqidlərinə də tez-tez tuş gəlib. Yerli sakinlər onu bizneslə siyasəti birləşdirərək sərvət toplamaqda ittiham edib.

Müharibədən əvvəl Xankəndindəki “Nairi” univermağının, Xocavənddə şərab zavodunun sahibi olduğunu özü də təsdiqləmişdi. Xocavənddəki şərab zavodu Araikin ən gəlirli bizneslərindən biri idi. Vaxtilə Qarabağda ona məxsus şirkətlərdə və torpaq sahələrində 2 minə qədər ermənin işlədiyi deyilirdi. Yerli üzümdən istehsal olunan şərabı Araik “artsax” brendi ilə təkcə Ermənistanda deyil, onun hüdudlarından kənarda da satdırırdı.

Erməni mediası bugünlərdə belə bir xəbər yayıb ki, 44 günlük müharibə nəticəsində keçmiş Hadrut rayonunun Böyük Tağlar və Tuğ kəndlərində 300 min üzüm kolu və şərab zavodunu itirən erməni sahibkar Samvel Qriqoryan Qarabağda yeni bağ salmağa başlayıb, tezliklə isə şərab zavodu açacağını deyib.

Samvel Qriqoryan deyib ki, yeni üzüm bağını keçmiş Əsgəran rayonu ərazisindəki Qışlaq kəndində salmağa başlayıb: “Biz müraciət etdik və üzüm bağının salınması ilə bağlı razılığa gəldik. Bir yer seçdik, mənə hər addımda köməklik söz verdilər”.

Qriqoryan bildirib ki, onun saldığı yeni üzüm bağı bərəkətli ərazi kimi tanınır. Biznes- plan çərçivəsində 200 min koldan ibarət üzüm bağının və ildə 300 min şüşə şərab istehsal edəcək zavodun tikintisi üçün də maliyyə ayrılıb. Ümumi investisiya 3,5 milyon ABŞ dolları təşkil edəcək. “Biz 2021-ci il sentyabrın 1-də ilk işlərə başladıq. Bu günə kimi Fransadan gətirdiyimiz 100 min üzüm kolu artıq əkilib. Biz 5 üzüm sortu yetişdiririk: Pino Nyar, Merlo, Kaberne Sovinon, Kaberne Frans və Sira, onlardan keyfiyyətli şərablar istehsal edəcəyik”, - deyə, Qriqoryan bildirib. “İlk məhsul 2024-cü ildə yığılacaq, bu müddət ərzində biz şərab zavodu tikəcəyik”, deyə o arzusunu dilə gətirib.

Müharibədən sonra da ərzilərimizdə məskunlaşmış ermənilərin əsas ağası hələ də Araik Arutyunyan sayılır. Onun icazəsi olmadan kiminsə 5 sort üzüm yetişdirmək istəməsi, üstəlik Araikin əlindən çıxan zavodunun əvəzində Əsgəranda zavod tikməsi əlbəttə ki, inandırıcı deyil. Şübhə yoxdur ki, söhbət məhz Araikin əlindən çıxmış biznesinin indi də başqa ərazimizdə bərpasından gedir. Qarabağda hansısa erməninin indiki dolaşıq şəraitdə 3, 5 milyon dollar zavod tikmək həvəsinə düşməsi də əlbəttə ki, yalandır, ən yaxşı halda isə piardır. Araik Qarabağda pul qazanmayacağı təqdirdə, orada qalıb həyatını riskə atmaz, Ermənistandan göndərilən “quru maaşla” dolanmaz…

Amma Araik yenə də riskli biznesə girişib və bu dəfə də “yana bilər”…

Orxan ƏLİYEV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"