
“Pul qazanmıram, boş söhbətdir, vallah. 2-3 dəfə “canlı” açmışam, hamının ağzına düşüb”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin və “Neftçi”nin sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyev deyib.
Ötən ilin yayında “Kəpəz”dən uzaqlaşdırılandan sonra futbolsuz qalan, yalnız bugünlərdə Region Liqası təmsilçisi “Şəki”yə keçən 32 yaşlı oyunçu növbəti qazanc yeri kimi “Tik Tok”u seçmədiyini bildirib:
“Vüqar Nadirovu “Təkərdə”ki yarışmada görüb həvəsləndim. Dedim, əyləncə məqsədi ilə “canlı” açım, görüm nə məsələdir.
Canlı yayıma çıxanda heç kimdən jeton, hədiyyə istəməmişəm. Sonra nə oldu? Gördüm ki, insanlarda, dost-tanışda haqqımda mənfi fikirlər formalaşır, reaksiya yaxşı deyil.
“Canlı” açmışdım, “Neftçi”ni sevənlər, nəvaxtsa oyunumu bəyənənlər suallar verirdi, cavablandırırdım.
Vüqar yarışmaya qatılmamışdan əvvəl də “Tik Tok” səhifəm var idi, izləyicilərlə danışıb-gülürdük”.