“Qarabağ” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk matçını səfərdə keçirəcək.
Ukraynadakı məlum müharibə vəziyyətinə görə “Dinamo” rəqiblərini Polşada qəbul edir ki, qarşılaşma Lublin şəhərinin eyniadlı stadionunda baş tutacaq.
“Dinamo”nun əvvəlki əzəmətindən uzaq düşməsi “köhlən atlar”ı sevindirən əsas məqamdır.
Təmsilçimizin xeyrinə işləyən digər amil isə kiyevlilərin nominal meydan sahibi qismində çıxdığı oyunlarda ciddi mənada azarkeş dəstəyi görməməsidir.
Düzdür, Polşada kifayət qədər ukraynalı yaşayır. Lakin onların heç də hamısı stadiona gəlmir. Xüsusən nisbətən uzaq şəhərlərdə yaşayanlar əsasən qazanc barədə düşündüyündən, Lublinə səfər etmir.
Təkcə cari mövsümdəki statistikaya baxanda, ümumi mənzərəni anlamaq olur.
“Ağ-göylər”in Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Universitatya Kluj”la keçirdiyi qarşılaşmanı stadionda 1795 nəfər izləyib. Bunun təxminən 700 nəfəri Rumıniyadan gələnlər, yəni qonaq komandanın tərəfdarları olub.
PAOK-la 2-ci təsnifat mərhələsində gerçəkləşən dueldə isə tribunalarda daha çox, 3225 azarkeş yerini tutub. Bunun təxminən 1000 nəfəri Yunanıstandan təşrif buyuraraq qonaq komandanı dəstəkləyib.
“Dinamo” hər nə qədər meydan sahibi statusunu daşısa da, bu, yalnız kağız üzərində belədir. Tribunalardakı ab-havaya gəlincə, vəziyyət kiyevlilər üçün ürəkaçan deyil.
Odur ki, Polşada və yaxın ölkələrdə yaşayan azərbaycanlılar həmin gün Lublinə səfər etməklə stadionda “Qarabağ”ı dəstəkləməklə komandamızı tək buraxmamalıdır.
Hətta 200-300 nəfərlik dəstə ilə “Qarabağ”ın futbolçuları üçün doğma meydan ab-havası yaratmaq olar.
Komandalar arasındakı ilk görüş avqustun 6-da baş tutacaq.
Cavab görüşü isə avqustun 13-də Bakıda keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ
