Azərbaycanın üç klubu yol ayrıcında - “Sabah”dan güc alın, alqış qazanın!

18:00 Gündəm 83
Azərbaycanın üç klubu yol ayrıcında - “Sabah”dan güc alın, alqış qazanın!

Bu gün üç komandamız avrokubok oyunları çərçivəsində meydana çıxacaq.

“Sabah”ın Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlməsi mütləq ki, digərlərini həvəsləndirib.

İlk matçlardakı nəticələrə baxsaq, ən ağır durum “Neftçi”dədir.

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” ÇSKA (Sofiya) ilə Bakıda qolsuz bərabərə qalmışdısa, “Zirə” Estoniya səfərindən 0:1 hesablı yenilgi ilə qayıtmışdı. “Neftçi” isə Minsk “Dinamo”su ilə 2 top fərqi ilə öndə olduğu görüşdə 4 top buraxıb meydanı məğlub tərk etmişdi.

“Qarabağ” Sofiyada meydana çıxacaq. Bəli, səfərdə, həm də çılğın bolqar fanatların qarşısında oynamaq, qələbə qazanmaq asan görünmür.

Lakin “Qarabağ” ilk qarşılaşmada heç-heçə oynadığı əksər oyunların cavab matçını xeyrinə dəyişməyi bacarıb. 2

il əvvəl Razqradda “Ludoqorets” üzərində 7:2 hesablı qələbə bolqar fanatların yadından çıxmayıb. Ağdamlılar Avropa təcrübəsindən yararlanmaqla Avropa Liqasında yoluna davam etməyə yaxındır.

“Zirə”nin “Payde”ni üstələyəcəyinə inam böyükdür. Hələ səfərdəki dueldə qələbəyə yaxın olan “qartallar” qol şanslarını boşa verməklə işini çətinə salmışdı.

“Payde”nin adı əzəmətli görünməsə də, komandanın oyun intizamı və döyüşkən heyəti var. “Zirə”nin ev sahibi amili və heyətdəki futbolçuların adları məğlubiyyətin əvəzini çıxıb Konfrans Liqasının 3-cü mərhələsinə yüksəlməyə imkan verir.

Və yaralı yerimiz “Neftçi”. Mərhələ adlamaq şansı az görünsə də, yox deyil. “Dinamo”nun əlçatmaz heyətə, yaxud fövqəladə oyuna sahib olduğunu deyə bilmərik.

Bakıdakı qarşılaşmada “ağ-qaralar” arxayınlaşmaqla hesabın bərabərləşməsinə, daha sonra çaş-baş qalmaqla rəqibin daha 2 qol vurmasına şərait yaratdı.

Bu gün “Neftçi” Belarus təmsilçisini bir çox komponentlərdə üstələyir. Bolqarıstanda 2 qol vurmaq da bakılılar üçün heç nədir. Lazım olsa, 3-nü də vurarlar. Sadəcə bu dəfə səhvə yol vermək şansları yoxdur.

“Sabah” 3-cü mərhələyə yüksəlməklə böyük iş görüb. Həm ən azı Konfrans Liqasının qeup mərhələsini təmin etməklə klub tarixində ilə imza atıb, həm ölkəmizə reytinq xalları qazandırıb, həm də digər təmsilçilərimiz üçün motivasiya mənbəyinə çevrilib.

“Sabah”ın uğurunu təkrarlayıb 3-cü mərhələyə yüksəlmək üçün “Qarabağ”, “Zirə” və “Neftçi”nin taleyi öz əlindədir. Taktiki baxımdan ağıllı oynayıb, mübarizlik göstərməklə 4 komandamızı çıxış etdikləri turnirlərin 3-cü mərhələsində görə bilərik.

İnanırıq ki, bacaracaqlar.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti