Yeni mövsümün startına 2 həftədən bir qədər artıq vaxt qalır.
Klubların yay təlim-məşq toplanışları isə ən aktiv mərhələdədir.
Sınaq matçları bir-birini əvəzləyir.
Hazırlıq müddətində komandalarımızın keçirdiyi yoxlama görüşlərini diqqətdə saxlayanlar arasında olan Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və köməkçiləri əksər matçları yerində izləyir.
Milli komandanın məşqçi heyətinin klubların düşərgələrində olması və futbolçuları canlı izləməsi, şübhəsiz, müsbət məqamdır.
Biz də yeni mövsüm ərəfəsində yerli futbolçuların hazırlığı, klublarımızdakı milliyə namizədlər və legioner həyatı yaşayan futbolçularımızın vəziyyəti ilə bağlı Ayxan Abbasovla söhbətləşdik.
“Mümkün qədər çox oyunçunu canlı izləyirik”
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov klublarımızın hazırlıq prosesini yaxından izlədiklərini bildirib.
O qeyd edib ki, avrokuboklarda iştirak edən komandaların təlim-məşq toplanışlarını yerində izləyiblər:
“Klublarımız toplanışa başlayandan biz də iş başındayıq. İlk olaraq avrokuboklarda iştirak edən komandalarımız bir araya gəldi. "Qarabağ" və "Sabah" Avstriyada, "Zirə" isə Türkiyədə təlim-məşq toplanışında oldu. Hər üç klubun bütün yoxlama görüşlərini izlədik. Ardınca "Neftçi" Sloveniyada hazırlıq keçdi. "Neftçi"nin 3 sınaq matçını izləyə bildik”.
“Yerli oyunçuların həftəlik fiziki göstəricilərini nəzarətdə saxlayırıq”
Abbasov milli komandaya namizəd futbolçuların fiziki göstəricilərinin də nəzarətdə saxlanıldığını vurğulayıb:
“Milliyə namizəd bütün oyunçuların həftəlik fiziki göstəricilərini izləyirik. Klublar, fiziki hazırlıq məşqçiləri bu işdə bizə çox kömək olur. Hər biri sağ olsun”.
“Sabah”da Aleksey İsayevin çıxışı bizi sevindirir”
Millinin baş məşqçisi avrokuboklarda iştirak edən klublardakı yerli futbolçuların çıxışını da dəyərləndirib:
"Sabah"da Aleksey İsayev yaxşı çıxış edir. Rəhman Daşdəmirovun oynaması bizi sevindirir. Əlbəttə, Abdulla Xaybulaev və Tellur Mütəllimov da bizə maraqlıdır. Yoxlama görüşlərində çıxış etdilər. Ümid edirəm ki, Premyer Liqada onlar da şans qazanacaq”.
“Musa Qurbanlı və Bəhlul Mustafazadənin qayıdışını gözləyirik”
Abbasov “Qarabağ”ın yerli futbolçularından da danışıb:
"Qarabağ"da Elvin Cəfərquliyev və Bədavi Hüseynov meydanda olur. Musa Qurbanlı və Bəhlul Mustafazadənin qayıdışını gözləyirik. Onlar da milli komandamız üçün dəyərli oyunçulardır. Şahruddin Məhəmmədəliyevi də bura əlavə edərdim”.
“Elvin Bədəlov ötən mövsümün ən yaxşılarından idi”
“Neftçi”dəki yerli futbolçuların vəziyyətinə toxunan baş məşqçi Elvin Bədəlovun oynamamasından təəssüfləndiyini deyib:
"Neftçi"də yoxlama görüşündə demək olar bütün yerli oyunçular meydanda oldu. Rəsmi oyunda Emin Mahmudov, Emil Balayev, Rüfət Abbasov, Emil Səfərov çıxış etdi. Təəssüf ki, Elvin Bədəlov şans qazanmadı. Amma ötən mövsümün ən yaxşılarından idi. Milli komandada yaxşı performans göstərdi”.
“Yerli oyunçuların şans qazanması çox vacibdir”
Ayxan Abbasov çempionatın ilk turlarının yerli futbolçular baxımından əhəmiyyətli olduğunu bildirib:
“Çempionat başlayandan rəsmi oyunlara qədər 6 tur olacaq. Yerli oyunçuların şans qazanması çox vacibdir. Onların da üzərinə böyük məsuliyyət düşür”.
“Mahir Emrelinin qol vurması çox vacib idi”
Millinin baş məşqçisi legioner həyatı yaşayan futbolçuların da diqqətdə olduğunu söyləyib:
“Legioner oyunçularımız var. Onlar da nəzarətdədir. Klubları ilə daim sıx əlaqədəyik. Mahir Emrelinin son oyunda meydanda olması, qol vurması çox vacib idi. Məncə, seçimini düzgün etdi. Polşa çempionatını tanıyır, ona tanış ünvandır”.
Abbasov milli üzvlərindən iki futbolçunun hələ də klubsuz qalmasının narahatlıq yaratdığını qeyd edib:
“Narahat edən məqamlar da var. Rinat Dadaşov və Rahil Məmmədov hələ də klubsuzdur”.
Çempionat başlayandan sonrakı 1 ay çox önəmli olacaq. İnanıram ki, klublarımız avrokuboklarda liqa mərhələsində çıxış edəcək. Belədə məşqçilərin daxili yarışlarda rotasiya etmək imkanı olacaq. Yerli oyunçular çempionatda daha çox şans almış olacaq”.
“Toral Bayramovun oyununa getməyi planlaşdırırıq”
Abbasov xaricdə çıxış edən futbolçuların da yerində izləniləcəyini deyib:
“Toral Bayramov "Bursaspor"da yoxlama oyunlarında çıxış edib. Planımızda var, hansısa oyununa gedib yerində baxaq. Legioner oyunçularımıza da vaxt ayırmağa çalışacağıq. Təbii ki, qrafik imkan versə”.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

