“Azərbaycanda növbəti transfer pəncərəsinin açılması ilə klubların heyəti gücləndirmə strategiyaları və daxili bazarın dinamikası yenidən gündəmin əsas mövzusuna çevrilib”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Asadov Pro Bridge”nin rəhbəri Emil Əsədov deyib.
FIFA lisenziyalı futbol agentliyinin başçısı bildirib ki, builki transfer mövsümü əvvəlki illərdən fərqli iqtisadi reallıqlar, dəyişən oyunçu profilləri və klubların idarəçilik yanaşmalarındakı təzadlarla yadda qalmaqdadır:
“Hazırkı bazar kəmiyyət baxımından aktiv görünsə də, keyfiyyət və strateji planlaşdırma baxımından ciddi struktur dəyişiklərindən keçir.
Müasir dünya futbolunda transferlər dərin analitik məlumatlar və skautinq proqramları üzərindən idarə olunduğu halda, Azərbaycan bazarında vəziyyət fərqlidir.
“Transfermarkt”, “SofaScore” və ya “Wyscout” kimi platformalar vasitəsilə rəqəmsal data analizlərinə, oyunçunun taktiki göstəricilərinə yerli bazarda yalnız tək-tük klublar həqiqi mənada önəm verir.
Klubların böyük əksəriyyəti, xüsusilə də aşağı və orta büdcəli komandalar üçün əsas prioritet data əsaslı seçim deyil, mövcud maliyyə imkanlarına uyğun gələn ən ideal və qənaətcil variantları tapmaqdır”.

