Şükür, «Karvan»da başa düşüblər ki, artıq geriyə yol qalmayıb, bütün istiqamətlər I Liqaya aparır.
Əsas heyətdə 6, ikinci hissənin gedişində isə 3 yerli futbolçu meydana buraxıldı.
Çempionatın bitməsinə 3 tur qalıb və «Karvan» daxili bazarın «material»ına bu cür isti münasibət göstərsə, yayda Peşəkar Futbol Liqasından ən çox bonus alan klubların siyahısında liderlərdən biri olacaq.
Bu da gələn mövsüm I Liqaya daha böyük büdcə ilə start vermək baxımından, «Karvan» üçün əlavə qazanc mənbəyidir.
Şans yaranmışkən, öz aramızdır, niyə ondan istifadə etməsinlər ki?
Bir halda ki, Premyer Liqa sərgüzəşti yekunlaşmaq üzrədir, səmərəsiz legioner toplusuna üstünlük vermək mənasızdır.
«Neftçi» ilə oyundakı «Karvan», əslində, qarşıdakı «futbol ili»ndə izləcəyimiz komandadır.
Yəqin ki, Füzuli Məmmədov bu yerlilərin bir çoxunu sərəncamında saxlayacaq, legionerləri isə yola salacaq. Düzü də budur: gedən qatarın arxasınca boylanmazlar.
Bu əcnəbilər elə I Liqa səviyyəsindədir.
«Karvan»dan yüksək maaş ala bilərlər, ancaq bu, o deməkdir ki, onlar pula dəyir? Əsla!
Görünür, kimlərinsə bunda marağı olub, necə gəldi, başdansovdu «transfer bazarlığı»ediblər, I Liqada oynamalı xariciləri Premyer Liqaya «calaq» vurublar.
MUSA

