Qarşılayın, Premyer Liqaya “İmişli”nin əkiz tayı gəlir!

16:40 Gündəm 260
Qarşılayın, Premyer Liqaya “İmişli”nin əkiz tayı gəlir!

“Şəfa”nı Premyer Liqadan saatlar ayırır.

Əslində, məsələ həllini tapıb, qalıb rəsmiləşməsi.

“Difai” ilə oyunda qələbə qazansaydılar, rəsmiləşməni bayram edəcəkdilər. Qaldı gələn həftəyə.

Hə, deməli, bir neçə günə xəbər saytlarının manşetini “Şəfa” Premyer Liqada” manşeti bəzəyəcək. Klubdakılar bir-birini bağrına basacaq, yaxın ətraf səbəbkarları təbrik edəcək, çağl-çağır, bayram...

Vaxt-vədə Premyer Liqaya hazırlaşmaq, daha doğrusu, tələbləri yerinə yetirmək öhdəliyinə çatanda Kərəmi gic ağlamaq tutacaq. O qədər tələb var ki.

Akademiyanın yaradılması, azyaşlıların komandalarına məşq keçmək üçün məkan tapmaq, U-19 və əvəzedici komandanın yaradılması və ən vacibi, əsas komandanın ev oyunlarını keçirəcəyi stadionun adı və soyadı.

Ötən mövsüm “ASK Arena”ya, cari futbol “futbol ili”ndə Binədəki həvəskar statuslu stadiona sığınan paytaxt təmsilçisinin özünə aid olan arenası yoxdur. Heç tikintisinə də başlanılmayıb. Heç ərazi də alınmayıb. Stadionun “s” hərfi belə yoxdur.

Rəhbərlik ümidini Sumqayıtdakı “SOCAR Polimer Arena”ya bağlayıb ki, oranın icarə haqqı əl yandırır. “Araz-Naxçıvan”ın Naxçıvana köçməsi ilə Mərdəkandakı “Liv Bona Dea Arena”nın boşalacağı ilə bağlı arzular da reallaşana oxşamır.

Rəhbər şəxslər gecə-gündüz düşünür, ora zəng, bura zəng, o qapı sənin, bu qapı mənim, amma ortada heç nə yxodur. 3 aydan sonra Premyer Liqada oyuna çıxacaq komanda elitanın tələblərinə cavab vermək üçün çıxış yolları axtarır.

Deyək ki, AFFA “Karvan-Yevlax”la “İmişli”yə etdiyi güzəşti “Şəfa”ya da şamil edib vaxt verəcək. Bəs, stadionsuzluğun çarəsini kim tapacaq? Necə tapacaq? Nə vaxt tapacaq?

Qısası, “İmişli” “didərgin” statusundan qurtulmağa imkan tapmamış yanına daha bir “qaçqın” gəlir.

Gözlərin(m)iz aydın.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti