Premyer Liqanın iki iştirakçısı növbəti mövsümə yeni sponsorla başlaya bilər.
Saytımız bu haqda AFFA-dan məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, federasiya rəhbərliyi «Kəpəz» və «Araz-Naxçıvan»ın maliyyə durumundan narahatdır.
Qurum Gəncə və Naxçıvan təmsilçilərinin bu yay himayədarsız qalmaq ehtimalını yüksək qiymətləndirir. Çünki AFFA adıçəkilən klublardan son vaxtlar bəzi siqnallar alıb.
Hətta Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov mövcud problemi gizlətməyib. Üç ildir «Araz»ı kurasiya edə niş adamı mətbuata son açıqlamasında deyib:
«Mənim özümün Naxçıvan Futbol Federasiyasında qalıb-qalmayacağım, kluba himayədarlıq edib-etməyəcəyim sual altındadır.
Bilirsiz ki, bu klubu biz yaratmışıq. Maliyyəni də hər zaman biz ayırmışıq.
2023-cü ildə “Araz-Naxçıvan” Premyer Liqaya yüksələndə mən dəstək gözləyirdim. Xüsusən də naxçıvanlı iş adamlarından.
Çünki klub yarım milyona yaxın əhalisi olan Naxçıvanı təmsil edir. Qısa zamanda kiçik büdcə ilə Elmar Baxşıyevin rəhbərliyi altında bürünc medal qazandı, UEFA Konfrans Liqasında “Aris” kimi klubu mübarizədən kənarlaşdırdı.
Təəssüf ki, komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi. Kiməsə zəng vurub demək ki, kluba pul ayırın, bu, mənim xasiyyətimə yaddır.
Dövlət tərəfindən, AFFA tərəfindən hər kluba dəstək var. Lakin təkcə həmin maliyyə vəsaiti ilə iddialı klub yaratmaq qeyri-mümkündür.
Belədə sadəcə liqada qalmaq uğrunda mübarizə apara bilərsən. Mən isə belə şeyə öyrəşməmişəm».
Məlumata görə, AFFA prezidenti hər iki klubda baş verən son prosesləri diqqət mərkəzində saxlayır. Federasiya başçısı potensial sponsorlarla danışıqların aparılmasını tapşırıb.
Artıq bu yöndə bəzi addımlar atılıb. Prosesin iyun ayının artasınadək çəkəcəyi gözlənilir.
SPORTİNFO.AZ

