Premyer Liqada sonuncu şans - Bu dəfə də uduzsalar…

16:00 Gündəm 273
Premyer Liqada sonuncu şans - Bu dəfə də uduzsalar…

22-ci turdakı qarşılaşmalarının hər birinin özünə görə xüsusi prinsipiallığı və turnir cədvəlinə görə əhəmiyyəti var.

Şənbə günü bölgədə keçiriləcək “Qəbələ” – “Karvan-Yevlax” oyunu çəkisinə görə “Qarabağ” – “Sabah”, “Zirə” – “Araz-Naxçıvan” matçlarının kölgəsində qalsa da, əslində, önəmi böyükdür.

Bu qarşılaşmanı yevlaxlılar üçün tale yüklü oyun hesab edə bilərik. Elitada qalmaq uğrunda mübarizə aparan iki komanda üz-üzə gələcəksə, əlavə şərhə gərək yoxdur.

Turnir cədvəlindəki vəziyyət necədir?

“Karvan-Yevlax” 22 turdan sonra topladığı 6 xalla sonuncu pillədə qərarlaşıb. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektivi “Kəpəz”dən 7, “Qəbələ”dən 9 xal ayırır.

Bu, o deməkdir ki, səfər matçında əldə olunacaq mümkün qələbə qəbəlilərlə xal fərqinin 6-ya enməsinə səbəb olacaq. “Kəpəz” “Sumqayıt”a uduzsa, gəncəlilərlə xal fərqi 4-ə enəcək.

22-ci turun yekununda xəyali turnir cədvəli dediyimiz kimi olsa, bu, “Karvan”dakıları sözün əsl mənasında dirildəcək, elitadakı yeri qorumaq baxımından əlavə motivasiya verəcək.

Əksi yaşansa, yəni Kaxaber Tsxadadzenin komandası qalib gəlsə, xal fərqi 12-yə yüksələcək ki, qonaqlar növbəti mövsümün planlarını cızmaqda sərbəst olacaq.

Düzdür, istər oyun planında olsun, istərsə də komandaların hazırkı durumu sarıdan matçın favoriti meydan sahibləridir. Qış fasiləsində heyətini genişləndirən “Qəbələ” indi daha təhlükəli görünür.

Lakin bir şey var ki, “qırmızı-qaralar” son 4 çempionat oyununda və ölkə kubokunda “Sabah”la qarşılaşmada nəinki qələbə qazana bilməyib, son 5 qarşılaşmada heç qol vurmağa da nail olmayıb. Yəni “Karvan”dakı gərginlik və stresin bir hissəsi hazırda “Qəbələ”də mövcuddur.

Yeri gəlmişkən, komandalar arasında cari mövsümün ilk turunda Şamaxıda baş tutan duelində heç-heçə qeydə alınmışdı. Ötən il avqustun 15-də komandalar hərəyə 1 qol vurmaqla yadda qalmışdı.

Bir şey də var ki, “Karvan” yeganə qələbəsini məhz Qəbələdə qazanıb. Lakin “Qəbələ”ni yox, həmin vaxt, yəni avqustun 23-də nominal meydan sahibi qismində oynayan “Kəpəz”i 3:2 hesabı ilə udmaqla.

5 oyundur qələbəyə həsrət qalan qəbələlilərdən fərqli olaraq yevlaxlılar 19 turdur qalibiyyətin nə olduğunu bilmir, üstəlik, 15-ci turda “İmişli” ilə qeydə alınan heç-heçədən sonra ardıcıl 6 oyunun hamısında məğlub olub.

Fevralın 28-də Qəbələ şəhər stadionunda baş tutacaq oyunun gərginliyini indidən hiss etmək çətin deyil.

Oyunun start fiti saat 17:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti