Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turniri start götürüb

02:00 Gündəm 113
Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turniri start götürüb

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turniri start götürüb.

Sportinfo.az xəbər verir ki, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, tanınmış ictimai xadimlər iştirak ediblər.

İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov turnirin formatı barədə məlumat verərək bildirib ki, iştirak edəcək komandalar Azərbaycanda XIX əsrin ilk nəşrləri - "Əkinçi", "Ziya", "Kəşkül" və "Kaspi" kimi adlandırılıb.

Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişmiş media nümayəndələrinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Şamaxı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Rəşad Əliyev turnirin açılışında bütün iştirakçıları salamlayaraq Milli Mətbuatın 150 illiyi münasibətilə bütün jurmnalistləri təbrik edib.

O Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə media və idmanın inkişafına göstərilən xüsusi diqqət və qayğını qeyd edib.

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov da çıxışında turnirdə iştirak edən bütün jurnalistlərə uğurlar arzulayıb. Ş.Hüseynov bildirib ki, əsası "Əkinçi" qəzeti ilə qoyulan milli mətbuatımız zəngin tarixi yol keçib.

Açılışda çıxış edən Xalq artisti İlham Namiq Kamal qeyd edib ki, bu ərəfələrdə Azərbaycanda milli mətbuatın yubileyi geniş qeyd edilir. O vurğulayıb ki, istər mədəniyyət sahəsindən, istər idman və ictimai-siyasi sahələr üzrə fəaliyyət göstərən Azərbaycan jurnalistləri xüsusi diqqətə layiqdirlər.

Xalq artistinə turnirin iştirakçılarının imzalı topu hədiyyə olunub.

Yarışın informasiya dəstəkçisi olan “Teleqraf” İnformasiya Agentliyinin direktoru İmdad Əlizadə qeyd edib ki Şamaxı hər zaman ölkə ədəbiyyatına və mediasına yaradıcı insanlar bəxş edib. Onun sözlərinə görə, qələm sahiblərinin də məhz Şamaxıda toplaşması rəmzi məna daşıyır.

Azərbaycanın tanınmış şairi Şəhriyar del Gerani də çıxışında Şamaxının söz ustalarının beşiyi olduğunu qeyd edib və jurnalistlərin son dövrlər bu rayonda bir sıra mühüm tədbirlər təşkil etdiyini vurğulayıb.

Turnirin açılış oyununda topa rəmzi toxunuşu İlham Namiq Kamal edib.

İctimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət “Ziya” komandası televiziya işçilərindən formalaşan “Kaspi” ilə qarşılaşıb. Oyun 8:2 hesabı ilə televiziyaçıların xeyrinə yekunlaşıb.

Sonra idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət "Əkinçi" ilə qarşılaşıb. Bu matçda da idman sahəsi üzrə ixtisaslaşmış jurnalistlər daha güclü olub - 3:2.

Beləliklə, iyulun 20-də keçiriləcək final oyununda “Kaspi” və “Kəşkül”, 3-cü yer uğrunda oyunda isə “Ziya” ilə “Əkinçi” komandaları üz-üzə gələcək.

Qalibə kubok təqdim olunacaq, ilk 3 yerin sahibləri medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediləcəklər.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və Şamaxı Olimpiya İdman Kompleksinin təşkilatı dəstəyi ilə keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!
19 İyul 03:40 O da evləndi - FOTOLAR