GÜNDƏM - PFL-in növbəti prezidenti o olacaq?

22 Fevral 2025 13:00 Gündəm 1 719
GÜNDƏM - PFL-in növbəti prezidenti o olacaq?

Bugünlərdə SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirildi.

Burada 11 aydan sonra bir ilk yaşandı.

2024-cü ilin aprelindən bəri ilk dəfə olaraq Peşəkar Futbol Liqasının (PFL) nümayəndəsi İK-nin yığıncağına buraxıldı.

Qurumun vitse-prezidenti Aslan Şahgəldiyev Premyer Liqa, həmçinin I və II liqalarda mövsümün gedişi barədə məlumat verib. O, İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb, təklif və rəylərini dinləyib.

Əlbəttə, bu, yaxşı haldır. PFL ölkə çempionatını təşkil edən qurumdur və aidiyyatı üzrə toplantılarda iştirakı vacibdir.

AFFA rəhbərliyi bu məsələdə düzgün mövqe nümayiş etdirərək, PFL-in təmsilçisinə fikirlərini söyləməyə şərait yaratdı.

Rövnəq Abdullayev AFFA-nın prezidenti postundan sonra onu və adamlarını İcraiyyə Komitəsinin iclaslarında görmürdük. Adi müşahidəçi qismində olsa belə.

İnanmaq istəyrik ki, həmin ənənənin bərpası birinci və sonuncu hal olmayacaq, davamı gələcək.

 PFL-in prezidenti və vitse-prezidenti əməliyyat olunacaq -  YENİLƏNİB

Ümumiyyətlə, AFFA və PFL arasında əlaqələrin güclənməsinə və qarşılıqlı əməkdaşlığın genişlənməsinə tərəfdarıq.

PFL bir tək Elxan Səmədovdan ibarət deyil. Qurumun 40-ın üstündə personalı var. Yaxşı-pis əmək sərf edirlər.

Daha öncə xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının prezidenti postuna iki namizəd var. PFL-in rəhbərliyinə gətirilməsi gözlənilən şəxslərdən biri yerli, digəri isə türkiyəlidir.

Artıq onlarla ayrı-ayrılıqda görüşlər keçirilib, mümkün təyinatla bağlı fikirləri öyrənilib.

Qurumun hazırkı başqanı Elxan Səmədovun personasına və fəaliyyətinə münasibət birmənalı deyil.

Elxan Səmədov 2007-ci ildən AFFA-da çalışıb. O, Murad Məmmədovun Hakimlər Komitəsinə sədrlik etdiyi dönəmdə komitənin üzvlərindən biri olub.

2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa Oyunlarında təchizat direktoru vəzifəsini yerinə yetirib.

14 ildən artıq müddətdə federasiyanın icraçı vitse-prezdenti və baş katibi işləmiş Elxan Məmmədovun yaxın adamlarındandır. Məhz onun istəyi ilə Premyer Liqada VAR Sisteminin qurulumasına cavabdehlik daşıyıb.

2022-ci ilin iyulundan PFL-in başındadır. Amma ölkə çempionatını təşkil edən qurumun başına Elxan Məmmədovun köməkliyi ilə gəlməyib.

Bu işdə gənclər və idman naziri Fərid Qayıbovdan birbaşa dəstək alıb.

Onun Ramin Musayevin yerinə namizədliyi məhz adıçəkilən nazir tərəfindən irəli sürülüb və həmin vaxt AFFA prezidenti olan Rövnəq Abdullayev bu təyinata qarşı çıxmayıb. GİN-nin başçısı ilə konfliktə girməmək üçün.

Federasiyanın yeni rəhbərliyinin Qayıbovla münasibətlərində isə böyük məsafə var.

İdman naziri özünə yaxın bildiyi şəxslərin heç birini AFFA-nın idarəetmə aparatında, həmçinin İcraiyyə Komitəsində yerləşdirə bilməyib. Eləcə də Elxan Səmədovu.

Aslan Şahgəldiyevin İK-nin son iclasında iştirakı yeni dönəm sayıla bilər. O, 17 il olar ki, PFL-də fəaliyyət göstərir.

Ramin Musayevdən dəvət alana kimi «Karvan»ın mətbuat katibi olan Şahgəldiyev 2023-cü ilin yayına qədər PFL-də də eyni vəzifəni tutub.

O tarixdən üzü bəri vitse-prezidentdir və biz bilirik ki, Aslan bəy təşkilatın fəaliyyətində necə yaxından iştirak edir.

PFL daxilində elə bir məsələ olmur ki, onunla danışılmadan, razılaşdırılmadan həll edilsin. Onun rəyi və yanaşması mütləq surətdə nəzərə alınır.

Geniş səlahiyyətləri var, mümkün deyil ki, Şahgəldiyevin istəmədiyi bir şey baş versin.

Açığını demək lazımdır ki, A.Şahgəldiyev uzun illərdir futbol sektorunda çalışsa da, hələ adı hansısa korrupsiya qalmaqalına qarışmayıb, öz müsbət reputasiyasını qoruya bilib.

Əksəriyyətin simpatiyasını qazanıb, medianın dəstəyi həmişə ondan yana olub. Bu gün də PFL ilə bağlı tədbirin mətbuatda geniş işıqlandırılması vitse-prezidentin əməyinin nəticəsidir.

Bəzən təşkilatın işlərində yanlışlıqlar üzə çıxır, amma KİV çox vaxt həmin nöqsanların üstündən sükutla keçir - bax, bu da Şahgəldiyevə olan xoş münasibətə görədir.

Əlqərəz, PFL-də əyləşənlər Aslan bəyin hesabına kef eləyir. Qurumun «qoruyucu mələyi» adını elə-belə almayıb ki…

Şahgəldiyevin İcraiyyə Komitəsinin son iclasına qatılması ictimaiyyətdə belə bir fikir yaradıb ki, o, PFL-in yeni prezidenti ola bilər. Adı Elxan Səmədovu əvəzləməyə namizədlərin sırasında hallanmağa başlayıb.

Axı niyə də yox?! Təcrübəlidir, bu camiədə tanınır, qəbul olunur. İş təcrübəsi böyükdür, danışığını, rəftarını bilir.

Bəzən diplomat olur, bəzən səmimi ortam yaratmağı bacarır. Odur ki, yalnız PFL-in əməkdaşları tərəfindən sevilmir, ona klub rəhbərlərinin də münasibəti əladır.

Daha adı gələndə dodaq büzüb, ağız-burunlarını əymirlər, üzlərini yana çevirmirlər.

Heç şübhə yoxdur ki, Aslan Şahgəldiyev PFL-in başına keçsə, Premyer Liqa mənsubları bu seçimə həvəslə əl qaldıracaq. I Liqa və II Liqa rəsmilərindən də mənəvi dəstək alacaq.

Həm də ki, hamı bilir: o, öz gücünə, bacarağına görə karyera pillələrini bir-bir qalxıb, kiminsə adamı deyil. Öz zəhməti ilə buralara gəlib, tanınıb, rəğbət qazanıb.

Belələri futbolumuzda azdır. Ona görə də Şahgəldiyev qiymətlidir və kənar, uzaq bir sahədən PFL-ə kimisə tapıb gətirməkdənsə, onun namizədliyinin üzərində dayanılması məqsədəuyğundur.

Axı görünən kəndə nə bələdçi? Bağ burada, bağban burada, daha dağa-daşa düşməyə nə gərək..?

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı