“Ermənistanın danışıqlar masasına qayıtması ilə bağlı çağırış etmişik”

14 Aprel 2023 03:40 Gündəm 539
“Ermənistanın danışıqlar masasına qayıtması ilə bağlı çağırış etmişik”

“Buyar Osmani ilə iki ölkə arasında münasibətlər, ATƏT-lə əməkdaşlıq məsələlərini müzakirə etmişik”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə keçirilən geniştərkibli görüşdən sonra mətbuat konfransında bildirib.

O qeyd edib ki, Azərbaycan ilk günlərdən ATƏT-in fəaliyyətində aktiv rol oynayıb: “Bu gün eyni zamanda hazırda gedən proseslər də müzakirə edilib. Şimali Makedoniyanın təşkilata sədrliyi mürəkkəb zamanda baş verir.

Azərbaycan təşkilatın prinsiplərinə, beynəlxalq hüquqlara sadiqlik nümayiş etdirib. Azərbaycanın mövqeyi hər zaman ardıcıl olub”.

***

Azərbaycan XİN rəhbəri əlavə edib ki, bu gün danışıqlar zamanı keçmiş münaqişə nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın səyləri müzakirə olunub: “Burada əsas olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına istiqamətlənmiş danışıqlardan söhbət gedir. Görüşdə əsas olaraq sülh müqaviləsi ilə bağlı məsələlərə diqqət yetirilib.

Son aylar ərzində beynəlxalq vasitəçilər Ermənistanın yenidən danışıqlar masasına gətirilməsi istiqamətində addımlar atır. Biz Ermənistanın danışıqlar masasına qayıtması ilə bağlı çağırış etmişik”.

Nazir qeyd edib ki, tərəflər Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı məsələləri də müzakirə edib. Bu xüsusda, nazir Qarabağ erməniləri ilə Bakıda danışıqların keçirilməsinin təklif edildiyini xatırladıb. O, həmçinin dünən baş verən təxribatı da xatırladıb.

***

Buyar Osmani isə bildirib ki, ölkəsinin ATƏT-ə sədrliyi Rusiya-Ukrayna müharibəsi dövrünə təsadüf edir: “Bu bizim üçün çağırışdır. Azərbaycan kimi üzv dövlətlər xüsusi önəmə malikdir.

Azərbaycan və Ermənistanla ikitərəfli münasibətlər davam edir. ATƏT tərəflər arasında dialoqu təşviq edən bütün təşəbbüslərə dəstək olur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti