Azərbaycanın “qamçı və kökə” taktikası öz bəhrəsini verməkdədir.
Bir yandan, separatçı elementlərə qarşı haqlı olaraq, çox sərt davranan Bakı o biri yandan, Qarabağın dinc erməni sakinləri ilə düşmənçiliyinin olmadığını dünyaya əyani nümayiş etdirir, onlara dialoq təklif edir, barış əli uzadır, lazım gələndə xəstə ermənilər Təcili Yardım maşınlarımızda Xankəndiyə çatdırılır.
Əlbəttə, proseslərin bu cür inkişafı bölgədə ədalətli sülh, əmin-amanlıq və əməkdaşlıq istəməyən qüvvələrin heç birinə əl vermir. Söhbət erməni radikal-revanşistlərlə yanaşı, Rusiya və İrandan gedir. Son vaxtlar xüsusən də cənub qonşumuz Ermənistanla səs-səs verərək, aranı əməllicə qarışdırmağa və “bulanıq suda” balıq tutmağa çalışır.
Ancaq Azərbaycan Xankəndində qalan qanunsuz dəstələri, radikal separatçı ünsürləri qısa müddətdə ərazidən çıxarmaqda qərarlıdır. Bakı artıq prosesə start verib və inamla, səbirlə əsas hədəfə-Xankəndinə doğru irəliləyir. Rusiyanın Ruben Vardanyan “projesi” ilə bağlı Bakının göstərdiyi prinsipiallıq bunun bariz sübutu və anonsu idi.
Yeri gəlmişkən, Musavat.com-un məlumatına görə, Kremlin “desantı” Vardanyan Qarabağdan qaçıb. Bu barədə erməni bloger Roman Baqdasaryan məlumat verib. Erməni oliqarx-fırıldaqçı guya səhhətinə görə getməli olduğunu bildirib.
“Bu, həmin Ruben Vardanyandır ki, son aylar Qarabağ uğrunda ölməyə belə hazır olduğunu daim təkrarlayırdı. Və göz qabağındadır ki, Vardanyanın səhhətində yaranan problemə görə getməsinin səbəbləri sadəcə, hiylədir. O, hansısa yolla özünə haqq qazandırmağa çalışmalı idi”, - bloqqer öz Facebook səhifəsində yazıb.
Əlbəttə, gözlənilən idi. Bunu böyük qaçışın başlanğıcı da saymaq olar. Çünki Azərbaycan Ordusu separatçıların nəfəsliklərini və təchizat yollarını bir-bir bağladıqca, ətrafdakı strateji yüksəklikləri nəzarətə götürdükcə Qarabağda vardanyanların meydanı da sürətlə daralır. İndi yeganə yol yalnız barışıq və inteqrasiya tərəfdarlarına saxlanılıb. Ağılları olsa, yaranan şansı vaxtında və düzgün dəyərləndirərlər.
Bu arada “Hraparak” erməni qəzeti “Xankəndinin Azərbaycana təhvil verilməsi prosesinin başladığını” yazıb. Nəşr Azərbaycanın təcili tibbi yardım maşınının Xankəndiyə daxil olması, erməni xəstələrin azərbaycanlı həkimlər tərəfindən şəhərə aparılması hadisəsini məhz belə qiymətləndirib.
“Artıq Xankəndində şəhərin Azərbaycana təhvil verilməsi haqda danışırlar. Qarabağdakı ermənilər şəhərin küçələrində Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycanın təcili yardım maşınını görür və bu, onun psixoloji olaraq vəziyyəti qəbul etməsi ilə nəticələnir. Onlar düşünürlər ki, hətta ruslar da onları müdafiə etmir, Ermənistan müdafiə etmir, Qərb ölkələri də onlara əhəmiyyət vermir. Buna görə də Azərbaycanın qarşısında heç nə edə bilməyəcəklər. Bu o deməkdir ki, inteqrasiya prosesi başlayıb və Rusiya da bu prosesdə Azərbaycandan yanadır”, - qəzet qeyd edib.
Məqalədə həmçinin bildirilir ki, Qarabağdakı ermənilər Xankəndi küçələrində Azərbaycan nömrəli avtomobilləri görməyə “öyrəşdirilir”: “İstisna deyil ki, bu, inteqrasiya prosesinin bir hissəsidir: mərhələ-mərhələ, addım-addım irəliləyirlər”.
Və irəliləyəcəyik. Həm də get-gedə daha sürətli və böyük addımlarla...

