"Kimin ağlına nə gəlir, onu da yazır, hər şey öz qaydasındadır"

5 Mart 2023 09:20 Gündəm 484
"Kimin ağlına nə gəlir, onu da yazır, hər şey öz qaydasındadır"

Xeyli müddətdir ölkədə idman yarışlarını yayımlayan "CBC Sport”un rəhbərliyində dəyişikliklər ediləcəyi ilə bağlı xəbərlər yayılıb.

Xəbərlərdə yaxın vaxtlarda kanal rəhbərliyində dəyişikliklər planlaşdırıldığı bildirilir.

Xüsusən də 2016-cı ildən "CBC Sport”un rəhbəri vəzifəsini tutan Volkan Üst və bəzi əməkdaşlarla da yolların ayrılacağı da bildirilir. Bütün bunlara səbəb kimi kanalın strategiyasının dəyişməsi göstərilir.

Sportinfo.az xəbər verir ki, məsələ ilə bağlı telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. Abbasov qaynarinfo-ya açıqlamasında bunları söyləyib:

"Şaiyədən başqa bir şey deyil. Bununla bağlı heç bir müzakirəmiz belə olmayıb. Öz işimizə həmişəki qaydada davam edirik. Hər şey öz qaydasındadır. Kimin ağlına nə gəlir, onu da yazır”.

Abbasov, əksinə, qarşıda "CBC Sport”un yeni layihələr həyata keçirməyi planlaşdırdığını da bildirdi:

"Yeniliklər adətən mövsüm bitəndən sonra olur. İşlərimiz davam edir. Yayda "Brilyant Liqa”, "Uimbldon” tennis yarışı olacaq. Daha bir böyük layihəmiz var, amma nə olduğunu deyə bilməyəcəyəm.

Danışıqlar aparırıq, alınsa, sosial mediamızda rəsmi şəkildə bu barədə paylaşım edəcəyik. Hələ müqavilələr bağlanılmayıb, dəqiqləşsin, sonra açıqlama verəcəyik.

Futbolla bağlı nə olsun daha? Avrokuboklar bizdədir. İtaliya, İspaniya çempionatları, Millətlər Liqası, yığmanın bütün oyunları "CBC Sport” vasitəsilə yayımlanır. Azərbaycan çempionatı, ölkə kuboku da bizdədir.

Top-5 çempionatlarından yalnız Fransa qalıb. Almaniya Bundesliqasını "İdman Azərbaycan” yayımlayır, İngiltərə Premyer Liqası da "İctimai TV” tərəfindən göstərilir.

Bu oyunlar da hamısı üst-üstə düşür. Belə götürəndə, hamısını bir kanalda vermək imkanımız olmur.

Daha futbolla bağlı nə edə bilərik? Portuqaliya, Belçika kimi çempionatlara əvvəla maraq yoxdur.

İkincisi, bu çempionatlardakı matçlar da təxminən yayımladığımız digər liqaların oyunları ilə üst-üstə düşür. Biri də var hansısa futbolçumuzun oynadığı çempionatı yayımlamaq.

Məsələn, Renat Dadaşov İsveçrə çempionatında çıxış edir. Amma onların çempionatını yayımlasaq, belə effekt vermir. Portuqaliya çempionatını götürmüşdük.

Ancaq futbolçularımızın hər ikisi oynadığı klublardan getdi, yarış üstümüzdə qaldı. Maraq da yoxdur.

İlk "üçlük”də yer alan komandalardan başqa heç birinin, məsələn "Viktoriya Gimaraeş”lə "Tondela”nın oyununa heç kim baxmayacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti