Etibar Pirverdiyev bu rayonda sökdüyü stadionu yenidən tikir - FOTOLAR

29 Dekabr 2022 13:00 Gündəm 2 001
Etibar Pirverdiyev bu rayonda sökdüyü stadionu yenidən tikir - FOTOLAR

Şövkət Orduxanov adına Qusar şəhər stadionda yenidənqurma işləri davam edir.

Dörd ildən sonra start verilən tikinti prosesi «Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin kurasiyasında fəaliyyət göstərən şirkət tərəfindən aparılır.

Ərazidə nə tikili vardısa, hamısı yerlə bir edilib. Sökülən tribunaların arxasına beton hasar çəkilib, dairəvi çəpər 150-200 metri əhatə edir.

Havanın soyuq, qarın yerinə oturmasına baxmayaraq. Burada xeyli sayda fəhlə və mühəndis çalışır. Artıq meydançanın yeri qazılıb, tribunaların özəyi atılıb.

Tikintinin qaldığı yerdən davam etdirilməsinə, təxmini hesablamalara görə, azı 7-8 milyon manat tələb olunur.

Rayonun mıərkəzində yerləşən idman qurğusunun inşaatının gələn ilin yayınadək başa çatdırılması planlaşdırılır.

Stadion Etibar Pirverdiyevin idarəçiliyində olan şirkətin balansındadır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) buranı illər öncə həmin şirkətin ixtiyarına verib.

Ötən əsrin ortalarında əsası qoyulan və Şövkət Orduxanovun adını daşıyan kompleks 2018-ci ilin əvvəlində təmirə bağlanıb.

Halbuki Etibar Pirverdiyev istəsəydi, "Azərenerji" ASC-nin prezidenti olduğu illərdə "Şövkət Orduxanov"u "təpədən-dırnağa" dəyişər, müasir kompleks edərdi.

2004-cü ildə "Şahdağ"ı himayəsinə götürən keçmiş şirkət rəhbəri bu müddət ərzində əlini ağdan-qaraya vurmadı, bir də vəzifəsindən gedəcəyini hiss etdiyi 2018-nin aprelində yadına düşdü ki, Qusarda bu adda stadion var.

İndi isə o, tikinti-təmir işlərini öz arzusuyla həyata keçirmir. Bu, birbaşa Qusarın İcra Hakimiyyətinin istəyi ilə görülür. Tapşırıq verilib ki, bu iş görülməlidir, o da görür.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti