Azərbaycan futbolunun acı gerçəyi: Şura üzvü icraçı direktordan nərd istədi

28 Dekabr 2022 20:40 Gündəm 623
Azərbaycan futbolunun acı gerçəyi: Şura üzvü icraçı direktordan nərd istədi

Bu ilin fevralında AFFA-nın Hesabat-Seçki Konfransında 2016-cı ildə assosiasiya tərəfindən yaradılmış Futbolun İnkişaf Fondunun (FİF) fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı qərar qəbul edildi.

Qərara əsasən fondun əsas missiyası klublarla sponsorlar arasında vasitəçilik etmək, bölgələrdə nümayəndilklər formalaşdırmaq, qısası, bölgə klublarına dayanıqlı mənbə tapmaqdan ibarətdir.

FİF artıq xeyli müddətdir fəaliyyətə başlayıb ki, geridə qalan zaman kəsiyində müxtəlif layihələr həyata keçirilib. Düzdür, fond hələ ki, istədiyini tam həyata keçirə bilmir.

Bəlkə də buna görədir ki, fondun işinə qeyri-ciddi yanaşılır, bəzən atmacalar atılır. Uzağa getməyək, FİF-in Himayəçilər Şurasının üzvü Şaiq Qəribzadənin sosial şəbəkə hesabındakı paylaşımına diqqət yetirək.

Azərbaycan futbolu ilə yaxından maraqlanan şəxs Müsavat partiyasının Bərdə təşkilatının İdarə Heyətinin iclası zamanı masanın üstündə domino daşlarının olduğu məşhur fotonu paylaşaraq fondun icraçı direktoru Tural Piriyevə müraciət edib:

“Xahiş edirəm, FİF Himayəçilər Şurasının gələn görüşünə nərd gətirin”.

Sözsüz, Qəribzadə bunu sarkazmla yazıb. Amma özü də bilmədən acı həqiqətin üstünü açıb.

FİF-in bəzi nümayəndələri ranyon-rayon gəzib nəsə etməyə çalışsalar, hələ ki, heç nəyə yaramayan “100k” layihəsini ortaya atsalar da, Himayəçilər Şurasının ölkə futboluna sponsorların cəlb olunması üçün gördüyü işin nisbəti aşağıdır, demək olar yoxdur.

Ən yaxşı halda bu cür status paylaşıb ağrımayan başa dəsmal bağlayırlar. Ona görə də, adam iclasda vaxtın xoş keçməsi üçün əvvəldən nərd tələbi edir.

Qənirə Paşayeva, Fəxrəddin Manafov, Anar Həsənov kimi tanınmışlar yəqin ki, Azərbaycan futboluna səhmdarların cəlb olunması yönündə böyük işlər görəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti