"Neftçi"nin sükanı arxasında olan Laurentsiu Regekampfla maraqlanan "Universitatya Krayova"nın yeni baş məşqçisi bəlli olub.
Bu barədə "gsp.ro" saytı xəbər yayıb.
Klubun maliyyə dəstəkçisi Mixai Rotaru "Universitatya Kluj"da işləyən rumıniyalı Eugen Neago ilə razılaşıb.
O, bu postda Mirel Redoyu əvəzləyəcək. Daha əvvəl Rotaru Regekampfla da maraqlandıqlarını təsdiqləyib.
Laurentsiu Regekampfın “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
47 yaşlı rumıniyalı mütəxəssis Azərbaycan klubuna keçməzdən əvvəl 2021/2022 mövsümündə “Universitatya Krayova”ya rəhbərlik edib. Regenin "Universitatya Krayova" ilə anlaşmamasının səbəbi Bakıda qalmaq istəməsidir.
İyundan ölkəmizdə çalışan mütəxəssis işini davam etdirməyə qərar verib. Axı onun burada titul qazanmaq şansı var.
Ölkə kubokunda yarımfinala vəsiqə qazanan “ağ-qaralar“ın növbəti rəqibi “Turan Tovuz“dur.
Komanda Premyer Liqada ili üçüncü sırada başa vurub və böyük ehtimalla, avrokuboklara yüksələcək.
SPORTİNFO.AZ

