Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Laçın yolunda keçirdiyi aksiya hazırda davam edir.
Sportinfo.az saytının təsisçisi və baş redaktoru İlkin Vaqifoğlu da Xankəndi ilə Şuşa arasında yerləşən ərazidədir.
O, Əlil Arabasında Qılıncoynatma Federasiyasının və «Difai» Futbol Klubunun prezidenti Asəf Məlikovun dəvəti ilə Qarabağa yollanıb.
Onun bildirdiyinə görə, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ərazidədir.
İ.Vaqifoğlu deyib ki, etiraz tədbirinə qatılanların təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
SPORTİNFO.AZ

