Mərakeş DÇ-2022-də tarix yazmağa davam edir. Afrika təmsilçisi artıq yarışın yarımfinal mərhələsindədir. Dünya Valid Reqraqinin yetirmələrindən ağızdolusu danışır. Onlar təkcə meydanda yox, həm də ondan kənarda atdıqları addımla nümunə olmağı bacarırlar. Məsələn, Hakim Ziyeş kimi.
29 yaşlı yarımmüdafiəçi mətbuata açıqlamasında DÇ-2022-nin yarımfinalına yüksəldiyinə görə federasiya tərəfindən ona ayrılan mükafatı almayacağını bildirib.
Ziyeş bu pulu yoxsullara ayırdığını deyib.
Tanınmış futbolçu bunu da qeyd edib ki, milli komandadakı çıxışlara görə heç vaxt mükafat və pul almayıb.
Təcrübəli sima 2015-ci ildən Mərakeş millisinin üzvüdür. O, həmçinin "Çelsi"nin futbolçusudur.
Bunları oxuduqca ilk olaraq ağlımdan azərbaycanlı futbolçuların milli komandadakı pul davası keçdi.
Mükafat gecikəndə dava salanı da olub, mükafatın məbləği azalanda narazı qalanı da.
Hələ ortaya çıxarılacaq bir nəticələri yoxdur. Görəsən, bunlar Mərakeş kimi Dünya Kubokunun yarımfinalına çıxsa, Ziyeş kimi "Çelsi"də oynasa nələr edərdi? Təsəvvür edilməsi belə qorxuludur.
Amma o dəqiqdir ki, Ziyeşin timsalına mərakeşlilər Qətərdə bizim milli üzvlərinə təkcə futbol oynamağı yox, həm də pul davası edənlərə cəsarətli olmağı, ləyaqətli olmağı öyrədir. Milli komandanın formasının dəyərinin pulla ölçülmədiyini göstərirlər. Atdıqları addımlar, verdikləri açıqlamalarla. Öyrənmək isə heç vaxt gec deyil!
XANOĞLAN İMANOV

