Premyer Liqamızın baş məşqçiləri DÇ-2022-də hansı komandalara azarkeşlik edəcək? - SORĞU

18 Noyabr 2022 21:00 Gündəm 1 345
Premyer Liqamızın baş məşqçiləri DÇ-2022-də hansı komandalara azarkeşlik edəcək? - SORĞU

Dünya çempionatının başlamasına 2 gün qalır. 20 noyabr -18 dekabr dünya futbol ailəsinin gözü Qətərdə olacaq.

Bəli, məhz bu ölkədə DÇ-2022-nin qalibinə aydınlıq gələcək.

Artıq indidən hər kəs böyük futbol bayramından danışır, millilərin şanslarını qiymətləndirir. Bu dəfə isə tribunanı Azərbaycan Premyer Liqasında iştirak edən klubların çalışdırıcılarına verdik.

Onlar da məmuniyyətlə gözləntilərini və favoritlərini Sportinfo.az-la bölüşdülər:

Qurban Qurbanov (“Qarabağ”): “Hansısa komandanı favorit hesab etmirəm. Güclü komandalar çoxdur. Şübhəsiz ki, oyunları izləyəcəm. Hər zaman İspaniya futboluna simpatiyam olub. İspaniya millisinə də azarkeşlik edəcəm”.

Murad Musayev ("Sabah"): “Dünya çempionatına məşqçi nöqteyi-nəzərindən baxacam - sxemlər, oyun modelləri, məşqçi qərarları və s. mənim üçün daha maraqlıdır. Bu yarış tarixdə ilk dəfə noyabrda başlayacaq. Komandalar formalarının pik nöqtəsində olacaq. Buna görə, gözəl və gərgin futbol gözləyirəm. Proqnoz verməyəcəm, amma Messinin titul qazanmasını istərdim”.

Laurentsiu Regakampf ("Neftçi"): "Almaniya millisinə azarkeşlik edəcəm və bu yığmanın da qalib olacağına inanıram".

Rəşad Sadıqov ("Zirə"): "Bu DÇ-da favorit kimi Braziliyanı görürəm, amma özüm Argentina yığmasına azarkeşlik edəcəm".

Elmar Baxşıyev ("Qəbələ"): “Bu tip turnirlərdə öncədən kimisə favorit göstərmək mümkün deyil. Amma oyun keyfiyyətinə görə, daha çox İspaniya və Braziliyanı üstün tutardım”.

Ayxan Abbasov ("Turan Tovuz"): “Bizim üçün budəfəki dünya çempionatı yenilikdir. Çünki ilk dəfə qışda baş tutacaq. Hər zaman yayda, çempionatlar başa çatandan sonra keçirilirdi. Bu da bir yenilikdir. Favorit adı çəkmək çətindir. Burada surprizlər olur. Güclü komandalar çoxdur. İstəyərdim ki, Avropa yığmalarından - Almaniya, Fransa və İspaniyadan biri qalib olsun. Amma Cənubi Amerikadan Argentina və Braziliyanı unutmaq olmaz. Bir də son illər yaxşı oyunu ilə yadda qalan Xorvatiya kimi yığmalar var".

Mahmud Qurbanov ("Səbail"): “Dünya çempionatı bir futbol bayramıdır. Düşünürəm ki, çox maraqlı oyunların şahidi olacağıq. Bir çox yığmalar güclüdür, amma favoritim İspaniya millisidir. Elə azarkeşlik etdiyim yığma da İspaniyadır”.

Vüqar Əsgərli ("Şamaxı"): Azarkeşlik etdiyim və favorit gördüyüm milli Braziliyadır. Son oyunlarına baxmışam. Kifayət qədər baxımlı futbol oynayırlar. Çempionluğa layiqdirlər. Düzdü, çətin qrupa düşüblər. Amma inanıram ki, qrupdan çıxaraq çempion olacaqlar.

Tərlan Əhmədov ("Kəpəz"): “Portuqaliya favoritdir. Uzun illərdir ki, özüm də bu milliyə azarkeşlik edirəm”.

Samir Abasov ("Sumqayıt"): "Çempionatın qışda keçirilməsi bir yenilikdir. Futbolçular hazırda yaxşı formadadır. Çox maraqlı çempionat olacağını fikirləşirəm. Bütün Latın Amerikası ölkələrinə azarkeşlik edirəm. Favoritim isə Argentina millisidir".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti