Yaxınlarda Gənclər və İdman Nazirliyi tərəfindən rəsmi qeydiyyata alıqan Azərbaycan Minifutbol Federasiyası (AMF) öz fəaliyyətində bir sıra yeniliklər etməyi planlaşdırır.
Bu barədə Sportinfo.az-a qurumun mətbuat xidmətinin rəhbəri Sərxan Abuşov bildirib.
Onun sözlərinə görə, federasiya ölkə çempionatını bir neçə kateqoriyaya ayırmağa hazırlaşır.
İki gün öncə Azərbaycan çempionatının püşkatma mərasimi təşkil olunub. Regionlar da daxil olmaqla, liqada 17 komanda mübarizə aparacaq.
Birinci və ikinci yerləri tutan komandalar Çempionlar Liqasında, üçüncü yerin sahibi isə Avroliqada ölkəmizi təmsil etmək hüququ qazanacaq.
Ölkədə minifutbola marağın sürətlə artmasını nəzərə alan AMF birinci və ikinci liqanı təsis etmək niyyətindədir.
S.Abuşov yarışların respublikanın müxtəlif şəhər və rayonlarında təşkili istiqamətində müəyyən addımların da atılmasını diqqətə çatdırıb.
Bu isə o deməkdir ki, federasiya minifutbolun bölgələrdə küiləvi inkişafı konsepsiyası üzərində işləyir.

