Zəfər Gününün təbliğini kim aparmalıdır? – Legionerlərdən şanlı tarixə soyuq münasibət

8 Noyabr 2022 20:40 Gündəm 766
Zəfər Gününün təbliğini kim aparmalıdır? – Legionerlərdən şanlı tarixə soyuq münasibət

8 noyabr ölkəmizdə Zəfər Günü kimi qeyd olunur.

Şanlı Azərbaycan ordusunun 2020-ci ilin məhz bu günündə Şuşanı erməni işğalından azad etməsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdirib.

Hər il noyabrın 8-i Azərbaycanda bayram günü kimi qeyd olunacaq və bu gün ölkənin gələcək tarixində öz yerini qoruyub saxlayacaq.

Hamı məmnundur, uşaqdan böyüyə, kişidən qadına, fəhlədən məmura qədər. Hər kəs sosial şəbəkə hesabında paylaşım edir, bir-birini bayram münasibəti ilə təbrik edir.

Futbol camiəsi də bu baxımdan hali deyil. Noyabrın 7-dən 8-nə keçən gecədən başlayaraq futbol klubları, məşqçi və futbolçular sosial media səhifələrində müxtəlif paylaşımlar etməklə bayram ab-havasını hiss etdirir.

Lakin eyni sevinci, zəfər məzmunlu paylaşımları təəssüf ki, ölkəmizdə top qovan, Azərbaycanın suyu içib çörəyini yeyən, ailəsini dolandırmaq üçün burada pul qazanan legionerlərin ifasında görmədik.

Günboyu “Qarabağ”, “Neftçi”, “Sabah”, “Kəpəz” və digər klublarda top qovan 50-yə yaxın əcnəbi futbolçunun “instagram” səhifəsinə göz gəzdirsəm də, rastıma 1 dənə də olsun Zəfər Günü paylaşımı çıxmadı.

Halbuki etməliydilər. Bu, onların vəzifə borcu olmasa da, mənəvi borcudur. Azərbaycanın Ermənistan üzərindəki şanlı qələbəsini və Qarabağı geri qaytarmağın anonsunu onlar da əziz və doğmalarına, dostlarına çatdırmalıydı. Afrika, Avropa, Cənubi Amerikada yaşayanlar 8 Noyabrın azərbaycanlılar üçün hansı məna kəsb etdiyini Azərbaycandakı legionerlərin sayəsində bilməliydi.

Ola bilsin, bu, futbolçular üçün əhəmiyyət daşımır. Bəlkə də heç xəbərləri də yoxdur. Bəs, klublarda çalışanlar, mətbuat katibləri? Bəs, onların ölkəmizə gəlməsinə şərait yaradıb pul qazanan və vaxtının çoxunu həmin oyunçularla ünsiyyətə həsr edən agentlər?

Məgər bu adamlara legionerlərə məlum məsələ ilə bağlı 2-3 dəqiqə vaxt tapmaq çox çətindir?

Ölkə Prezidenti İlham Əliyev 2 ildir əsas siyasəti Qarabağın işğaldan azad olunmasına ayırıb. Müxtəlif tədbirlərin təşkilinə tapşırıq verir, dünyanın tanınmışlarının Şuşaya axınına şərait yaradır. Az qala hər nitqində 44 günlük müharibədən, 8 Noyabrın Azərbaycan tarixinə qızıl hərflərlə yazılmasından bəhs edir.

Demək ki, məlum siyasi kursu davam etdirmək hər birimizin, sənin, mənim, hətta futbol və idman klublarının da borcudur. Əcnəbilərə dilimizi öyrədə bilmirik, heç olmasa möhtəşəm zəfərin, 8 Noyabrın təbliği yönündə nəsə edək.

Hansısa məktəbin, futbol meydançasının açılışı üçün 3-5 legioneri müvafiq ünvana aparmaq problem deyilsə, deməli, Zəfər Günü ilə bağlı paylaşımı tövsiyə etmək də problem ola bilməz.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti