Bu gün səhər saatlarında Bakıdan Tovuza yollananda Sahil qəsəbəsi yaxınlığında yolu su basması nəticəsində 100-lərlə avtomobil tıxacda qalsa da, yaxın yoldaşdan öncədən aldığımız xəbərdarlıq nəticəsində yolumuzu bir qədər uzadıb Korgöz-Qızıldaş istiqamətindən bəladan qurtulduq.
Yerdəki su əhvalımızı korlaya bilməmişdi.
Bircə qalırdı mənzil başına çatanda göydən gələn suda islanmamaq. Kürdəmirdə növbəti mesajı almışdıq:
Tovuzda yağış yağır. Bəxtimizdən biz qərbin gəzməli-görməli şəhərinə çatana qədər yağış da sürətini azaltdı, oyun saatına yaxın “susdu”.
Payız olmasına rəğmən təbiətin hələ də yaşıl görkəmini itirmədiyi Tovuzda əsl futbol havası müşahidə olunurdu. Stadionun yolunu tutan azarkeşlər, arenanın həndəvərindəki dolu çayxanalar, və girişdəcə bizi qarşılaya “Turan Tovuz”la “Səbail”in rəsmiləri.
Matçın başlama saatına yarım saat qalmış tribunalara baxanda 1 saat sonrakı ab-havanı hiss etmək çətin deyildi. Kamal Umudlunun start fitini ərəfəsində 3 mindən artıq azarkeş şəhərin doğma komandasını dəstəkləmək üçün ünvandaydı. Bakıdan gələn 15 nəfərlik “Səbail” azarkeşləri isə qarşı tribunada varlığını göstərməyə çalışırdı.
Premyer Liqada iştirak edən komandanın stadionunda hesabı və dəqiqəni göstərən tablonun olmamasına “Turan Tovuz”un legionerlərinin necə münasibət göstərdiyini deyə bilmərəm. PFL-in Əsasnaməsində tablo tələbinin nə yerdə olduğunu isə növbəti günlərdə araşdırıb, bu barədə sizə də məlumat verəcəyəm.
İllərdir Bakının 200-300 nəfərlik stadionlarında vəzifə borcunu yetirən biri üçün Tovuzdakı ab-havanı görmək sözün əsl mənasında bayram idi.
Futbolçulara öz doğması kimi yanaşaraq dəstək verən yerli futbolsevərlərin 90 dəqiqə susmaq bilmədən “Turan Tovuz”u qələbəyə səsləməsi gözlənilən idisə, “Səbail”in vurduğu qollardan sonra tribunalardan alqış səslərinin eşidilməsi təəccüb doğururdu.
Sən demə, bu, başqa alqış imiş. Doğma komandanın ruhdan düşməyə imkan verməyən alqış.
Ayxan Abbasovun yetirmələri tovuzluları sevindirmək üçün əlindən gələni etdi. Amma hakimin final fiti səslənəndə “2-lər”dən heç biri dəyişmədi. Tribunalardan isə yenə alqış səsləri eşidildi.
Halbuki futbola xüsusi gözəllik qatan bu cür azarkeşlərin özlərini alqışlamaq lazımdır.
Növbəti oyunlarda yolumu növbəti dəfə Tovuzdan salmaq diləyi ilə buradan Gəncəyə - “Kəpəz” – “Neftçi” qarşılaşmasına yollanıram.
Amma gələn dəfə sütunların və operatorların meydanda yaşananları rahat görmək imkanlarınızı məhdudlaşdırmayan yerdə əyləşmək və sürətli internetin xidmətindən yararlanmaq arzusuyla.
HƏBİB / Bak-Tovuz
SPORTİNFO.AZ

