Ötən həftə şirə dönən yunan azarkeşlər “Olimpiakos”u çətin vəziyyətdə qoydu

13 Oktyabr 2022 19:40 Gündəm 1 009
Ötən həftə şirə dönən yunan azarkeşlər “Olimpiakos”u çətin vəziyyətdə qoydu

Bu gün axşam Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Olimpiakos” görüşünə hədsiz maraq var.

Kassalarda biletlərin tükənməsi oyunun hansı əhəmiyyət daşımasının sübutudur.

Oktyabrın 6-da Yunanıstanda keçirilən oyundan əvvəl yunan fanatların azərbaycanlı tərəfdarların yerləşdiyi sektora alışdırıcı maddələr atıb vəziyyəti gərginləşdirməsindən sonra Bakıda onları nələrin gözləyəcəyini anlamaq çətin deyil.

Qarşılaşmadan bir neçə gün əvvəl “Olimpiakos” rəsmiləri “Qarabağ”a müraciət edərək qonaqlar üçün 50 biletin ayrılmasını istəmişdi. Lakin oyun günü məlum oldu ki, Yunanıstandan Bakıya bir nəfər də olsun fanat gəlməyəcək.

“Georgios Karaiskakis”dəki görüşlərdə şirə dönən “Olimpiakos” azarkeşlərinin bu cür həlledici anda komandalarını səfərdə hansı səbəbdən yalnız qoyması düşündürücü sualdır.

Halbuki yunan fanatları Avropanın müxtəlif ölkələrində səfər oyunlarında görmək mümkündür. Amma bu axşam “Olimpiakos” üçün ciddi önəm daşıyan matçda qonaq futbolçular tribunalardan dəstək görməyəcək.

Görünür sevimli komandalarının bir həftə əvvəl doğma meydanda “Qarabağ”a 0:3 hesabı ilə uduzması tərəfdarları həvəsdən salıb. Ya da Bakıda onları gözləyən münasibəti göz önünə gətirərək paytaxtımıza gəlməkdən boyun qaçırıblar.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Olimpiakos” qarşılaşması bu axşam saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti