Bu il Premyer Liqaya qayıdan Gəncə təmsilçisi “Kəpəz” bir neçə gün öncə baş məşqçisi Yaşar Vahabzadə ilə yollarını ayırdı.
“Kəpəz”in yeni baş məşqçisi olmağa əsas namizədlərdən biri Şahin Diniyev sayılırdı.
Lakin Azərbaycan millisinin keçmiş çalışdırıcısının qərb klubuna keçidi baş tutmayıb. Diniyev mətbuata açıqlamasında təyinatının gerçəkləşməməsini bu cür izah edib:
“Üç gün idi bu barədə danışıqlar gedirdi. Danışıqlar bir neçə saat əvvəl yekunlaşdı. “Kəpəz”lə anlaşa bilmədik. Klubun şərtləri məni qane etmədi.
Bura təkcə maliyyə məsələləri deyil, infrastruktur və başqa şeylər də daxildir. Xeyir verə bilməyəcəyim yerə yalandan niyə getməliyəm?
Mən elə məşqçilərdən deyiləm. Dediyim kimi, danışdıq, amma razılığa gələ bilmədik”.
Təəssüf, Diniyev əsl gerçəyi dilə gətirməyib. Onun namizədliyi AFFA Məşqçilər Komitəsi tərəfindən irəli sürülüb və dəstəklənib.
Sədr Vaqif Cavadov Gəncə klubunun Müşahidə Şurasının sədri İsgəndər Cavadovla birləşərək, federasiya rəhbərliyini inandırmağa çalışıb ki, ən doğru seçim budur.
Fəqət, AFFA başbilənləri 5 il öncə “Kəpəz”dən qalmaqalla ayrılmış və özü barədə mənfi rəy formalaşdırmış Diniyevi geri qaytarmağın təhlükəli olmasının fərqinə varıb.
Daha üst instansiyalardan da quruma oxşar siqnallar daxil olub: «Gəncə futbolseəvrləri onu istəmir. Bu adama görə azarkeşləri öz üzərinizə qaldırmayın».
SPORTİNFO.AZ

