Yaşar Vahabzadənin "Kəpəz"in baş məşqçi postundan istefaya göndərilməsi ilə bağlı 2 gün öncə yaydığımız xəbər az öncə rəsmən açıqlandı.
Klubun yaydığı bildirişdə deyilir ki,bu barədə qərar klub rəhbərliyi ilə 62 yaşlı mütəxəssis arasındakı görüşdə qəbul olunub.
Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilərlə müqaviləyə xitam verilib.
"Kəpəz" cari mövsüm Azərbaycan Premyer Liqasındakı ilk 4 oyununun hamısını məğlubiyyətlə başa vurub. Bu, klub tarixinin ən uğursuz startıdır.
Qərblilər 2012/13 mövsümündə də startda ardıcıl 4 məğlubiyyət alıb. Lakin həmin vaxt top fərqi indiki ilə müqayisədə daha yaxşı olub.
10 il əvvəl startda 2 qol vuran və 11-ni buraxan “Kəpəz”də fərq “-9”a bərabər olub. Bu dəfə komandanın aktivində 4 qol varsa, rəqiblər 14 dəfə fərqlənib. Yəni fərq “-10”dur.
Beləcə, sezonun ilk ayrılıq xəbərini Gəncədən almış olduq. Onsuz da, Vahabzadə tikan üstündə əyləşmiş kimi idi.
Azarkeşlər hər gün onun istefası tələbi ilə çıxış edirdi. İstər oyun, istər məşq əsnasında. Gündəlik təzyiqdən qorunmaq üçün AFFA-ya sığınan 62 yaşlı çalışdırıcını, vəziyyət elə gətirdi ki, heç dəstəkçiləri də sonadək müdafiə edə bilmədi.
«Səbail»ə 1:4 hesablı yenilgi səbr kasasını daşıran son damla oldu və artıq «Kəpəz»in gündəmində bir neçə məşqçi yer alıb. Hamısı da yerlidir.
Tərlan Əhmədov, Şahin Diniyev və Aftandil Hacıyev. Adlarını çəkdiyimiz mütəxəssislərdən
Əhmədov 2 ildir işsizdir, sonuncu dəfə «Şamaxı»nın sükanı arxasında olub. Hacıyev bu ilin mayında «Səbail»dən göndərilib. Siyahıda ən maraq doğuran isim, heç şübhəsiz,
Diniyevdir. Axı o, 2017-ci ildə «Kəpəz»dən qalmaqalla ayrılıb. Hazırda Məşqçilər Komitəsinin üzvü kimi hər ay AFFA-dan maaş alan Diniyevin vaxtilə Gəncə təmsilçisində nə işlər gördüyü bütün aləmə məlumdur.
Ortaya çıxan faktlar həmin vaxt digər funksionerlər kimi, Diniyevi də «Kəpəz»dən getməyə məcbur etdi. Aradan çox vaxt keçməyib, AFFA nə tez unutdu yaşanan neqativ olayları?
İnanmaq istəmirik ki, federasiya o boyda həngamənin üstündən bir də belə səhvə yol versin, Diniyevi Gəncəyə göndərsin.
Bu, yerli publikaya, «Kəpəz» camiəsinə sözün bütün mənadarında sataşmaq, saymazyanalıq demək olar.
Və əlbəttə, cavab alacaqlar – «Kəpəz»ə bağlı şəhərin futbol həyatı ilə bu cür «ağır zarafat» etmək təhlükəlidir.
AFFA rəhbərliyi onu da anlamalıdır ki, Diniyevi «Kəpəz»ə qaytarsa, bu, ikincinin 5 il qabaq məhz onların tapşırığı əsasında burada «gözəl işlər» görməsini təsdiqləmiş olacaq.
Doğrudanmı, «şüşəbənd əhli» bu dərəcədə ağılsızlıq edər? Yenə də inanmaq çətindir.
SPORTİNFO.AZ

