Ayxan Abbasov karyerasının yox, bəlkə də həyatının ən çətin dəqiqələrini yaşayır.
Bu gün saat 18.00-da məhz bu adamın rəhbərlik etdiyi “Turan Tovuz”da Sumqayıtda yerli komandanın önünə çıxacaq.
“Sumqayıt”ın Abbasovun üçün hansı məna kəsb etdiyini dərindən anlamaq üçün onun yerində olmaq lazımdır. Məşqçilik karyerasının ən çətin və şirin dönəmi məhz burada keçib.
3 il rəhbərlik etdiyi kollektiv Ayxan bəyin dönəmində çempionatın bürünc medallarını qazanıb, 2 dəfə ölkə kubokunun finalında oynayıb, 2 dəfə avrokuboklarda iştirak imkanı qazanıb.
“Sumqayıt” məşqçi Abbasov üçün ən uğur ünvan olub, o da klubun ən uğurlu məşqçisi hesab olunur. İndinin özündə azarkeşlər Ayxan Abbasovun etdiklərini unutmur.
Hə, yaxın keçmişdə hələ də üstü bağlanmamış çığırlar varkən, Ayxan bəy sumqayıtlı futbolsevərlərin önündə rəqib məşqçi qismində çıxacaq. Niyyəti “Sumqayıt”ı məğlub edib tovuzlu futbolsevərlərə Premyer Liqada növbəti sevinci yaşatmaqdır.
Bəli, peşəkarlıq məşqçi və futbolçu karyerasında olduqca vacib amildir. Amma mənəvi dəyər dediyimiz anlayış bir çox hallarda peşəkarlığı məhv edir, ona “yaşamaq” imkanı vermir. Axı, Ayxan Abbasovu “Sumqayıt”a birləşdirən, kluba bağlayan həm də mənəvi dəyərlər olub.
Belə olmasaydı, hər kiçik uğurdan sonra Samir Abasov kimi maaş davası edər, komandanı tərk edəcəyi ilə hədələyər, bəlkə də gedərdi. Amma işləmək, nəticə vermək, yerli camaatı sevindirmək onun üçün prioritet idi.
İndi onun üçün həssas məqamdır. Meydanın bir tərəfində doğması olan “Sumqayıt”, digər tərəfində “yeni doğulmuş övladı” “Turan Tovuz” dayanacaq. Allah heç kimə bu cür sınaq qismət etməsin. Futbolun da özünə görə təsəvvür edə bilməyəcəyimiz dərəcədə ağır dövrləri var.
Uğurlar, Ayxan Abbasov! Uğurlar, “Sumqayıt”! Uğurlar “Turan Tovuz”!
HƏBİB / SPORTİNFO.AZ

