Dəstəklə tənqidin vəhdəti "Şah"a nə vəd edir?

27 Avqust 2022 21:00 Gündəm 990
Dəstəklə tənqidin vəhdəti "Şah"a nə vəd edir?

“Qarabağ”ın və Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev üçün yəqin ki, karyerasının ən pis günləri arxada qalan 4 gün oldu.

Təcrübəli qolkiperin Plzendə etdiyi iki kobud səhv “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsindən kənarda saxladısa, özünü də haqqlı olaraq böyük tənqid dalğasına tuş gətirmiş oldu.

Onun komandadan göndərilməsini istəyənlər də oldu, cəza olaraq ehtiyat skamiyaya yollanmasını arzulayanlar da. Bir sözlə, ona nifrət qısa müddətdə pikk həddə qalxmış oldu.

Əbəs deyil ki, qapıçı özü də Heydər Əliyev adına Hava Limanında verdiyi ilk açıqlamasında “Bir səhvdən sonra mənə belə nifrət ediləcəyini gözləyirdim” – dedi. Yəni onu qınayanlara özü də haqq vermiş oldu.

Bir sözlə, bir futbolçu üçün karyerasında yaşana biləcək ən pis hal “Şah”ın başına Çexiyada gəldi. Və tənqid dalğası yəqin ki, hələ də davam edəcək.

Amma belə gündə “çərçivə qoruyucusu”nu yalnız qoymayan, dəstək çıxanlar da az olmadı.

İlk belə addım komandanın baş məşqçisi Qurban Qurbanovdan gəldi.

Təcrübəli məşqçi “Viktoriya” ilə matçın sonunda nə qədər üzgün, əsəbi olsa da “CBC Sport”a verdiyi flaş müsahibədə “Şahruddin bizim bu nəticələri göstərməyimizdə çox böyük zəhmətləri var. Oyunundan razıyam. Sadəcə olaraq futbol səhvlər üzərində qurulub. Elə oyunlar olub ki, hamı "Şahruddin" qışqırıb, hamı onun yanında olub. Bu gün də mən bunu hiss elədim. Sanki hansısa oyunçu vacib matçda səhv etdikdə o daha çox üzdə olur. Amma hər bir halda Şahruddinin oyunundan razıyam. Milli komandamızın qapıçısıdır. Belə oyunlarda onun təcrübəsi çox önəmlidir. Digər tərəfdən də mənim oyun üslubuma uyğun qapıçıdır” – deyə dəstək oldu.

Ardınca klubun önəmli fiqurlarından hesab olunan idman direktoru Əmrah Çəlikəl bu dəstəyə qoşulduğunu fikirləri ilə göstərmiş oldu – “Əlbəttə ki, sona kimi ona dəstəyəm. Mən onun necə çalışdığının, zədələrdən sonra sağalmaq üçün necə səy göstərdiyinin şahidi kimi deyə bilərəm ki, Şahruddin komandamıza çox layiqli, əzmkar futbolçudur. Komandanın bura gəlməsində onun çox böyük əməyi var. Mən onun kimi insanı, futbolçunu tanıdığıma görə fəxr edirəm. Hər insanın çətin zamanları ola bilər. Belə anlarda ona dəstək, kömək olmaq, vəfa göstərmək lazımdır. O cümlədən Şahruddinə də. Təkrar edirəm ki, mən onunla fəxr edirəm. Məncə, Azərbaycan onunla fəxr etməlidir ki, həm yığmada, həm "Qarabağ"da belə bir əzmkar,ölkəni sevən bir futbolçu var”.

“Qarabağ”ın əksər üzvləri baş məşqçi və klub rəsmisinə qoşularaq sosial şəbəkələrdə Şahruddinə yönəlik dəstək paylaşımı etmiş oldular.

Hətta klubun sabiq hücumçusu Mahir Emreli də uzun müddət bir yerdə oynadığı “Şah”a, belə gündə biganə qalmayaraq öz sosial şəbəkə hesabından dəstək paylaşımı etdi.

Bir çox “Qarabağ” azarkeşi isə öz profil hesabına qapıçının fotosunu yükləməklə “yanındayıq” mesajını vermiş oldular.

Qısası, arxada qalan iki gündə Şahruddinə gələn tənqdilərin sayından heç də geri qalmayan dəstək də nümayiş olundu.

Bundan sonrası ilə qalır onun özünə. Tənqidlərdən "sınmaq" da var, dəstəkdən ilhamlanmaq da. Amma ən yaxşısı təniqdlə dəstəyin vəhdətindən daha yaxşı bəhrələnmək olardı.

Ki, Şahruddin də bu qədər edilən tənqidlərdən məyus olmaq əvəzinə dərs çıxarmalı və göstərilən dəstəkdən, etimaddan əlavə motivasiya alaraq Avropa Liqasının qrup matçlarında “Qarabağ”a layiq qapıçı olduğunu səhvsiz, möhtəşəm performansı ilə meydanda göstərməlidir.

Bizim üçün də, "Qarabağ" üçün də, "Şah" üçün də xeyrli yol bu olardı.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti