Bir qədər öncə AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) konfransı keçirilib
Konfransda PFL prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və Premyer Liqanın 9 klubunun nümayəndələri iştirak ediblər.
Avrokubok oyunlarına görə səfərdə olduqlarından “Zirə”nin təmsilçilərim iclasda yer almayıb. Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib.
Daha sonra PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
Bu şəxs AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Səmədovun yaxın dostlarından biridir. Vaxtilə AFFA-da Uşaq və Gənclər Yarışlarının Təşkili Departamentinin rəisi vəzifəsində çalışıb.
NTD-nin - futzal üzrə birinci liqa klubunun yaradıcısı və oyunçusu olub. Bir müddət əvvəl isə AFFA tərəfindən VAR layihə rəhbəri təyin edilib.
Əslində, 2008-ci ildən PFL-i idarə edən «Neftçi»nin sabiq vitse-prezidentinin belə bir fikrə düşməsi səhhəti ilə bağlı deyil.
Düzdür, onun sağlıq durumunda problemləri var, dəfələrlə əməliyyat keçirib, amma son təlimatın SOCAR-dan və bu qurumun bağlı olduğu çevrələrdən gəlməsini də bildirək.
Onu vəzifəyə gətirmiş Rövnəq Abdullayevin tezliklə AFFA prezidenti postundan ayrılmaq üzrə olmasını öyrənən Musayev ümumi vəziyyətlə barışıb.
Abdullayevdən sonra burada çalışmağın düzgün anlaşılmayacağını bilən Ramin bəy əlavə söz-söhbətlərin yaranmaması üçün birinci özü addım atıb.
Bu məsələ 10 gündür gündəmdədir. Onun Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimində işlətdiyi «Qurban Qurbanov «Lex»i «lox» etdi» ifadəsinin yuxarı çevrələrinə xoş gəlmədiyini də söyləyək.
Doğrudur, PFL prezidenti «Qarabağ»ın «Sürix»lə keçirdiyi Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu üçün isveçrəyə yollandı, amma ki, «oxun artıq yaydan» çıxmış olması heç nəyi dəyişmədi.
O, iyulun 15-də keçirilən püşkatma mərasimində “Qarabağ”ın “Lex” üzərində qələbəsinə belə şərh vermişdi: “Belə düşünürdük ki, “Qarabağ” “Lex” komandasını keçə bilməyəcək. Ancaq sağ olsun, Qurban Qurbanov “Lex”in adını dəyişib “lox” etdi”.
Elxan Məmmədov bu ilin mayında AFFA-nı FİFA-ya dəyişsə də, bəllidir ki, hazırda da federasiyanı məhz o idarə edir. Sərxan Hacıyev və digər kadrlar sabiq icraçı vitse-prrezidentin xidmətindədir.
Hər məsələdə onunla məsləhətləşir, ondan xəbərsiz kənara bir addım atmırlar. FİFA-nın Paris ofisində əyləşən Məmmədov AFFA-nın qərargahını video kamera ilə izləyir, idarəçiləri «vatçap»la istiqamətləndirir.
Peşəkar Futbol Liqasının yeni prezidenti də onun xeyir-duası ilə görəvə gəlib. E.Məmmədov adaşını hələ 2019-cu ildə «Qəbələ»nin başına keçirmək niyyətində idi.
E.Səmədov həmin vaxt əyalət klubuna yollanmış, burada bəzi görüşlər keçirmişdi. AFFA-nın ovaxtkı bir nömrəli fiqurantının məqsədi o idi ki, «Qəbələ» tamamilə yaxın adamının nəzarətinə keçsin.
Fəqət, «qırmızı-qaralar»ın hazırkı prezidenti Fariz Nəcəfov federasiyanın gələcək planlarından duyuq düşdü, mövqeyindən sonadək geri çəkilmədi, nəticədə Elxan Məmmədovun yaxın dostunun vitse-prezident postuna təyinatı baş tutmadı.
SPORTİNFO.AZ

