Premyer Liqa və I Divizion klublarının PUL HƏSRƏTİ BİTİR…

23 İyul 2022 09:40 Gündəm 1 986
Premyer Liqa və I Divizion klublarının PUL HƏSRƏTİ BİTİR…

SOCAR-dab maliyyə dəstəyti gözləyən Premyer Liqa və I Divizion klublarının intizarı başa çatmaq üzrədir.

Bu haqda Sportinfo.az-a mötəbər mənbələrdən yeni məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, növbəti mövsüm üçün futbol sahəsinə ayrılacaq yardım paketinin məbləği ilə bağlı İqtisadiyyat Nazirliyi və SOCAR arasında gedən müzakirələr başa çatıb.

Dünən neft şirkətinin prezidenti təyin olunan Rövşən Nəcəfin qarşıdakı 5 gün ərzində bununla əlaqədar sənədə qol çəkməsi gözlənilir.

Premyer Liqa və I Divizionda mübarizə aparacaq klublara dövlət tərəfindən ayrılacaq dotasiyanın məbləği də məlumdur.

Elitada yarışan komandaların hər birinə 2,5 milyon manat ödəniləcək.

Bu məsələ İqtisadiyyat Nazirliyinin birbaşa nəzarətindədir və prosesin tənzimlənməsi SOCAR-a tapşırılıb.

Plana əsasən, göstərilən məbləğ aylar üzrə bölünəcək və hissə-hissə ünvana köçürüləcək.

Öncə «Qarabağ» və «Neftçi»nin dotasiya almayacağı gözlənilsə də, artıq onlar da sevinə bilər - İqtisadiyyat Nazirliyi Premyer Liqanın bütün iştirakçılarının yardım ayrılmasına razıdır.

I Divizion mənsublarına gəlincə, müstəqil statuslu komandaların hər biri 500 min manat irəli düşəcək. Yəni ki, Premyer Liqa klublarının əvəzedici heyətləri bu siyahıya daxil deyil.

3 ay davam edən qeyri-müəyyənliyin arxasında SOCAR-ın AFFA-ya inamsızlığı dayanır.

Şirkətin federasiyada apardığı uzunmüddətli audit, görünür, hansısa faktlar aşkarlayıb və səlahiyyət sahibləri ödəmə mexanizmini dəyişməyin zəruriliyini qəbul edib.

SOCAR klublara çatacaq vəsaitin AFFA-nın vasitəsilə paylanmasını istəmir. Alternativ variantları gözdən keçirirlər.

Ən optimal variant Gənclər və İdman Nazirliyinin bu işə cəlb olunması, məhz adıçəkilən dövlət təşkilatının iştirakıyla futbol ailəsinin «qida» ilə təmin edilməsidir.

Başqa sözlə, nazirlik SOCAR-dan gələn pulu Premyer Liqa və I Divizion təmsilçiləri arasında bölüşdürəcək, onlardan rüblük hesabat alacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti