“Neftçi”, “Qəbələ” və “Zirə”: "Qarabağ” olmağı hansı bacaracaq?

21 İyul 2022 17:40 Gündəm 843
“Neftçi”, “Qəbələ” və “Zirə”: "Qarabağ” olmağı hansı bacaracaq?

Bu gün Azərbaycan futbol ictimaiyyətinin gözləri mavi ekranda olacaq.

Bir gündə 3 təmsilçimiz – “Neftçi”, “Zirə” və “Qəbələ” cari avrokubok mövsümündə ilk matçına çıxacaq.

“Ağ-qaralar” səfərdə “Aris”in qonağı olacaqsa, “qartallar” Bakıda Təl-Əviv “Makkabi”sini qəbul edəcək. Bölgə təmsilçisi isə Macarıstanda “Fehervar”ın qarşısında imtahan verəcək.

Start fiti bir-birinə yaxın saatlarda çalınacaq oyunları eyni anda necə izləyəcəyimiz başımızda dolaşan böyük sualdır. Hərəsinə az-az baxmaqla nədən nə necə ləzzət ala biləcəyimizi düşünməyin özü də qəribə gəlir. Amma olsun...

Vəziyyət elədir ki, bu axşam 3 komandanın 1 “Qarabağ” qədər olacağına adamın inanmağı gəlmir. Başqa cür desək, 3-nün cəmləşib xalqı 1 qələbəyə sevindirəcəyinə inanmaq istəsək də, çətin görünür.

“Neftçi” səfərdə oynayır və bu komandada cəmi 1 ay əvvəl baş məşqçi dəyişikliyi olub. Kollektivə 5 yeni legioner cəlb olunub.

Baş məşqçi Laurentsiu Regekampf matçöncəsi mətbuat konfransında inamlı yox, ehtiyatlı danışmağı üstün tutub. Vaxta ehtiyac duyduqlarını bildirib.

“Qəbələ” də səfərdə oynayır. Həm də sıradan komanda ilə yox, Macarıstan kimi sayılan futbol ölkəsinin 81 yaşlı komandası ilə.

Rəqibin heyətində macar futbolçuların sayı barmaqla sayıla biləcək qədər azdır, əsasən legionerlər “at oynadır”. “Fehervar”ın azarkeşləri tribunada qonaq futbolçular üçün cəllad rolunu oynayır.

Onların qarşısında mübarizə aparmaq çox çətindir. “Qəbələ”nin indiki heyətinin avrokubok təcrübəsi yetərli deyil.

“Zirə”yə gəlincə, rəqibini Bakıda qəbul edir deyə, bu komandaya ümid böyükdür.

Amma rəqibin adının 11 il əvvəl “Xəzər Lənkəran”ı Avropa Liqasından kənarlaşdıran, 2 il öncə həmin turnirin qrup mərhələsində 2 oyunun heç birində “Qarabağ”a uduzmayan “Makkabi” olduğunu düşünəndə, zirəlilərin halına acımamaq olmur.

Təmsilçimizin elə bir azarkeş kütləsi də yoxdur ki, ən pis halda tribunaların dəstəyinə bel bağlayasan. Rəşad Sadıqov isə baş məşqçi kimi avrokuboklarda debüt edəcək.

Qısası, hər komandanın özünə görə dərdi var. İnanaq və ümid edək ki, aralarında heç olmasa 1-i “Qarabağ” kimi olmağı bacaracaq. Azərbaycan futbolunun və azarkeşinin həmin qələbəyə ehtiyacı var.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti