Bakı toplanışını başa vuran “Kəpəz” Premyer Liqanın startı öncəsi sonuncu mərhələyə qədəm qoymağa hazırlaşır.
İyulun 20-də “Dalğa Arena”nın ehtiyat meydanında “Şamaxı” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayan (0:0) Gəncə təmsilçisinin futbolçularına bir günlük istirahət imkanı yaradılıb.
Komanda üzvləri iyulun 22-də Bakıdan Gəncəyə yola düşüb hazırlığın üçüncü mərhələsini doğna şəhərdə keçəcək.
Baş məşqçi Yaşar Vahabzadə Cavid İmamverdiyevin ardınca daha bir futbolçuya qapını göstərib. Bu, bir həftə əvvəl düşərgəyə təşrif buyuran Luseyndir.
Fil Dişi Sahilindən olan gənc forvard məşqçilər heyəti tərəfindən bəyənilməyib.
Əvəzində “sarı-göylər” yaxın günlərdə 3 legionerlə müqavilə bağlayacaq. Xeyli vaxtdır komandanın məşqlərində iştirak edən nigeriyalı hücumameylli Abdullah Suaibunun karyerasını “Kəpəz”də davam etdirəcəyi dəqiqləşib.
Braziliyalı Juninyo Maranhaonu da gəncəlilərin yeni futbolçusu hesab edə bilərik. Bura gələnə qədər Litva “Babrungas”ında oynamış hücumçu ilə bağlı fikirlər yüksəkdir.
Digər futbolçu isə gürcüstanlıdır. Daha öncə də Azərbaycanda top dalınca qaçmış müdafiəçi “Kəpəz”in üçüncü gürcüsü olacaq.
Premyer Liqanın debütantı buna qədər Giorgi Kantariya və Mate Kvirkviyanın transfer xəbərini açıqlamışdı.
HƏBİB / SPORTİNFO.AZ

