"Qazanmaq istəyimiz "Neftçi"dən çox idi" - 20 yaşlı klubdan ən böyük uğur

26 May 2023 11:40 Futzal 421
"Qazanmaq istəyimiz "Neftçi"dən çox idi" - 20 yaşlı klubdan ən böyük uğur

«Final bizim üçün çox əhəmiyyətli idi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Bakı Fire»nin baş məşqçisi Teymur Eyvazov deyib.

«City Hospital»ın baş sponsoru olduğu klub futzal mövsümünü yüksək səviyyədə keçirdi.

Yüksək Liqada bürünc medal qazanan kollektiv ölkə kubokunda da yeniliyə imza atdı. Finalda «Neftçi»İK-ə 5:0 hesabıyla qalib gələn «Bakı Fire» tarixində ilk dəfə kuboku başı üzərinə qaldırdı.

Bu, bizim üçün həm pley-offdakı məğlubiyyətin revanşını almaq, həm də sezonu kubokun qalibi kimi bitirmək üçün yaxşi imkan idi.

Gənc mütəxəssis bildirib ki, bu oyun üçün xüsusi hazırlıq planı qurub:

«İşimizi ona uyğun həyata keçirdik. İlk növbədə pley-offdakı məğlubiyyətin təzyiqini komandamın üstündən götürməyə çalışdım.

Bütün oyunçularla söhbətlər apardıq. Həm komanda şəklində, həm də induvidal. Oynayacağımız oyun üçün planımız həyata keçdi.

Bunun əsas səbəbi də oyunçularımın bu plana inamı və istəkləri idi. Əsas diqqət edəcəyimiz məqam rəqib 5 oyunçu ilə olanda mövqe səhvlərimiz idi.

Oyuna gəldikdə, istər biz onların, istərsə də «Neftçi» bizim oyuna yaxşı bələddir. Bu sezon onlarla səkkizinci oyunumuz idi.

Əvvəlki oyunlarda buraxdığımız səhvləri bu dəfə etmədik və müdafiədə yaxşı oynadıq. Bu da komandamın qələbəyə inamını daha da artırdı.

Finala layiq bir oyun oynayacagımıza əmin idim. Hər bir epizodda rəqibdən daha istəkli təsir bağışladıq.

Qələbənin əsas səbəblərindən biri də istəyimizin «Neftçi»dən çox olmasıdır. Ümumiyyətlə, biz bu kuboku qazanmaq üçün meydana çıxmışdıq.

Bu il klubumuzun yaradılmasının 20 illiyidir. Komandamız bu kuboku kluba hədiyyə etmək niyyətində idi.

Şükürlər olsun, bu sevinci yaşamaq bizə nəsib oldu. Sezonu «Baku Fire» üçün uğurlu saymaq olar,

Hər 3 liqada çıxış edən komandalarımız mükafatçılar sırasına düşməyi bacardı, Üstəlik, ölkə kubokuna sahib çıxdıq.

Bu münasibətlə klubumuzun rəhbərliyini, sponsorumuzu, oyunçularımızı, əməkdaşlarımızı bir daha təbrik edirəm. Kubok hamımıızın uğurudur və burada hər kəsin böyük payı var».

Xəbər Lenti