"Onlardan qorxmuruq, ancaq hörmət edirik."

21 Yanvar 2022 23:30 Futzal 519
"Onlardan qorxmuruq, ancaq hörmət edirik."

"Hazırlığımız davam edir, hər gün hansısa elementi yaxşılaşdırmağa çalışırıq".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatında Gürcüstana qarşı keçirəcəkləri D qrupunun I tur matçından öncə mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis bəzən bəxtsizliklə də üzləşdiklərini bildirib: "Bu gün iki futzalçımızın – Rövşənlə Qalonun testləri pozitiv çıxdı.

Ümid edirəm ki, PCR testin nəticəsi neqativ çıxacaq. Birdən-birə iki oyunçunu itirmək olmaz. Onlar ilk “5-liy”in üzvləridirlər".

O, komandasının turnirə 100 faiz hazır olmadığını söyləyib:

"Bunun üçün uzun zaman lazımdır. Biz məşqlərə başladığımız gündən göstəricimiz artan xətt üzrə hərəkət edir. Bu gün axşam rəqibin oyununa da baxacağıq, videoanalizləri futzalçıların diqqətinə çatdıracağıq".

Alesionun sözlərinə görə, rəqib debütant olsa da, güclü komandadır:

"Hazırda yaxşı vəziyyətdədirlər. Yoldaşlıq oyunlarında qazanılan qələbə onların psixoloji durumunu yaxşılaşdırıb.

Amma unutmayaq ki, yoldaşlıq oyunları ilə Avropa çempionatının final mərhələsi fərqli yarışdır. Onlardan qorxmuruq, ancaq hörmət edirik.

Ümid edirəm ki, sabah tam heyətlə zala yollanacağıq və maraqlı oyun keçirəcəyik”.

Xəbər Lenti