Allahın "İnter"ə yazığı gəldi

13 İyul 2017 11:36 Avropa Liqası 1 128
Allahın "İnter"ə yazığı gəldi

Yarımhəvəskar görüntü çizən və avrokuboklara necə vəsiqə qazanması şübhə qarışıq böyük maraq doğuran "Mladost"u bir ayaqla əzən "İnter" qarşısındakı növbəti rəqibi özündən güclü görmürdü. Ad onu özünə çəkməmişdi.

Ada aldanmışdılar. "Fola"nın Lüksemburqu təmsil etməsi "İnter"in A-dan Z-yə bütün futbolçularında elə qənaət yaratmışdı ki, Serbiya çempionatının dördünçüsünü çətinlik çəkmədən mübarizədən kənarlaşdırmışıqsa, onları da tapdalayacağıq.

Belə ola da bilərdi. Oyun heç-heçəyə gedirdi, hətta ikinci hissənin ortasında elə epizodlar yaşandı ki, "İnter"i məğlubiyyətdən qonaqların bəxtsizliyi xilas etdi. Mirhüseyn Seyidovun "rekoşet" qolu xoş təsadüf oldu. Allahın lütfy idi bu. Seyid balasının gözünü yumub, zərbə qapıya ünvanladığı top toru silkələdisə, deməli, uca Tanrı mərhəmət qapısını açmış, duaları eşitmişdi.

Serbiya futbolu enişdədi. İki 90 dəqiqə boyu "İnter"in qapısı ağzında bir təhlükəli vəziyyət yarada bilməyən "Mladost" bu ölkənin çempionatının 4 ən yaxşı komandasından biridi. "Fola" isə UEFA reytinqində aşağılarda vurnuxan Lüksemburqun "Düdelanj"dan sonra ən iri büdcəyə malik ikinci avro-təmsilçisidi. "İnter" zənn etmişdi ki, bu mərhələdə onları daha bir "tıxsız balıq" gözləyir və kiçik qırmaqla onu tutacaq, sonra Mərdəkanın dəniz sahilində, "Dalğa"nın qoynunda şişə çəkəcək.

Nəzərə almamışdılar ki, "Fola" əsəblərlə bu qədər oynaya bilər. "Dişli" idilər - ilk hissənin birinci 10 dəqiqəsindən nümayiş etdirdilər ki, bura sərfəli nəticə - maksimum qələbə, minimum heç-heçə niyyəti ilə gəliblər və bu, yalnız adi istək deyil. Fiziki cəhətdən yüksək hazırlıqlı, taktika sarıdan savadlı, oyunun tempindən asılı olmayaraq, öz oxu ətrafında fırlanan, bəzən ərazi üstünlüyünə yiyələnən, bəzən sürət, bəzən ara ötürümələri, bəzən də dioqanal paslarla "İnter"in əsəblərinin möhkəmliyini yoxlayan "Fola" istəyinə çatdı.

Özləri üçün çox şey müəyyənləşdirdilər. Həmçinin Zaur Svanadzeyə fikirləşmək üçün bir xeyli dəlil-sübut verdilər. Məlum oldu ki, "İnter" fiziki hazırlığı zəifdi, həftəlik tsiklı qaldırmağa qadir deyil. "Mladost" o qədər "rahat hülqum" idi ki, bunların heç birini aşkarlaya bilməmişdi. "Fola" "İnter"in problem/çatışmazlıqlarını gözlər önünə sərdi.

1:0 istənilən halda sürüşkən hesabdı. Bu da olmaya bilərdi axı. O oyunla qalib gəliblərsə, Svanadze Yaradanına şükür etməlidi. Rəqibdən ehtiyatlanmaq var, ehtiyailanmaq var. "İnter" sanki ev sahibi deyildi, fasiləyədək tamamilə müdafiəyə qapandı.

Qonaqları üstlərinə gəlməyə məcbur etməmişdilər, sadəcə, heç nə alınmırdı. 5 müdafiəçi ilə qapının önünə yığılmış komandamızın mərkəzi keçə, iki ötürmədən artıq verə bilməməsinə nə bəraət qazandırasan? Bütün ikinci toplar "Fola"nın idi, "yuvarlaq meşin" meydanın hər yerində onları tapırdı.

Rəqibin əvvəlki oyunlarını azı 100 kərə izləmiş Svanadzenin gözü o dərəcədə qorxmuşdu, heç şeytandan bir belə təhlükə hiss etməmişdi. Nizami Hacıyevin iki dəfə fitdən sonra topa hirslə zərbə vurması bu demək idi ki, futbolçular paltardəyişmə otağında deformasiyaya uğrayıb, baş məşqçinin üzündəki və təlimatındakı həyacan, narahatlıq onları psixoloji cəhətdən sarsıdıb.

"İnter" ikinci hissəyə nisbətən fəal başlasa da, qolun yetişməsindən xəbər verən dəyişikliyi yenə müşahidə etmədik. Bəzi epizodlarda nə isə etməyə çalışan komanda üzvlərində dinamiklik çatışmırdı, həmçinin tükənmək üzrə olan güc imkan vermirdi ki, rəqibin cərimə meydançasına dalğa-dalğa hücum təşkil edəsən.

Ağır tonajlı nəqliyyat vasitəsini andıran Elnur Abdullayevin orta sahəyə ağırlıq qoya bilməməsi, Rauf Əliyevin 2 müdafiəçi tərəfindən bloklanması, Nizami Hacıyevin sərbəst rəssam fırçasının quruması "Fola"nı "canı sulu" göstərdi.

Yəqin etmirəm ki, "İnter" səfərdə də bu taktik sevdaya sadiq qalacaq. Vay halına, belə olarsa!

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti